Almaniyanın qeyri-kommersiya fondu hesab edir ki, Azərbaycan yalnız formal olaraq demokratik ölkə sayıla bilər. Əslində isə o, özünə oxşar başqa ölkələr kimi, gizli avtokratiya yolundadır:
«2003-cü ildən hakimiyyətdə olan gənc Azərbaycan prezidenti İlham Əliyevin vədlərinə baxmayaraq, hesabat dövründə ölkə demokratik dəyişiklikdə yalnız cüzi irəliləyiş edib».
«Bertelsman» Fondunun araşdırmasından bu nəticə çıxır ki, formal olaraq dünyada demokratik dövlətlərin sayı artıb. Amma reallıqda «demokratiya» sözü sadəcə, hüquqi özbaşınalığı pərdələyən lövhədir.
BTI indeksini (Bertelsmann Transformation Index – Dəyişiklik İndeksi) müəyyənləşdirmək üçün 2008-ci ildə 125 inkişaf etməkdə olan ölkədə siyasi və iqtisadi dəyişikliklər öyrənilib. Sonuncu dəfə araşdırma 2003-cü ildə aparılıb. Aparıcı sənaye ölkələri tədqiqatdan kənar qalıblar.
2003-cü ildə Azərbaycan BTI indeksində 73-cü olub. 2008-ci ildə artıq 87-ci pilləyə enib.
Alınan nəticələr yeni fenomen üzə çıxarıb: rəsmən demokratik kimi tanınan ölkələrin sayı getdikcə artsa da, demokratik sistemin zəiflədiyi dövlətlərin də sayı çoxalmaqdadır.
Belə ki, tədqiq olunan 125 ölkədən 75-də rəsmən demokratik sistem elan olunub. Bu, 2006-cı ildəki araşdırmanın nəticələri ilə müqayisədə 5 ölkə çoxdur. Amma həmin 75 ölkədən yalnız 23-də «ciddi qüsur» yoxdur. 41 ölkədə demokratiya «qüsurlu», 10-da isə hətta «xeyli qüsurlu»dur.
Rəsmən onların hamısı hələ də minimal demokratik standartlara cavab versə də, reallıqda hüquqi dövlət prinsiplərindən yayınma, məsələn, müxalifətin fəaliyyətinə maneçilik və seçkilərdə manipulyasiya faktları aşkarlanıb.
«Onlar demokratiya ilə avtokratiya arasındakı boz zonadadırlar», – deyə layihənin rəhbəri Hauke Hartman bildirir: «Xeyli qüsurlu» demokratiyanın ən bariz nümunəsi Rusiyadır». Hartmanın fikrincə, o ölkələrdə ki demokratiya uzun müddət kövrək olur, həmin ölkələrdə demokratiya daha çox təhlükə ilə üzləşir: «Ölkə nə qədər çox bu vəziyyətdə qalırsa, əhali bir o qədər demokratik sistem və onun institutlarına şübhə ilə baxır».
Tədqiqata əsasən, yalnız 14 dövlət bazar iqtisadiyyatına əsaslanan sosial-iqtisadi mühitə malik möhkəm demokratiya hesab oluna bilər. Bura Avropa Birliyinin yeni səkkiz üzvü (Çexiya, Sloveniya, Estoniya, Macarıstan, Litva, Slovakiya, Polşa, Latviya), iki Asiya ölkəsi (Tayvan və Cənubi Koreya), həmçinin üç Latın Amerikası dövləti (Çili, Uruqvay və Kosta-Rika) aiddir. Ən yüksək qiyməti Çexiya alıb. 2006-cı ildəki tədqiqatla müqayisədə yalnız bir dövlət aparıcı ölkələr qrupuna yüksəlib. Bu, Latviyadır.
Möhkəm demokratiya hesab olunan ölkələrin sistemləri böhranları və hökumət dəyişikliklərini ziyansız keçirirlər...