Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:46

«Bizim üç tələbimiz var»


Müxalifət qarşıdurmada ölənlərin onlarla olduğunu iddia edir
Müxalifət qarşıdurmada ölənlərin onlarla olduğunu iddia edir

«Bizim üç tələbimiz var. Seçkinin nəticələri ləğv edilsin, saxtakarlıqda iştirak edənlər cəzalandırılsın və bütün siyasi məhbuslar azad edilsin».


Prezidentliyə namizəd Levon Ter-Petrosyanın sözçüsü Armen Musinyan martın 2-də «Azadlıq» radiosuna belə deyib. Petrosyanın düşərgəsi həmçinin martın 1-dən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin də ləğvini istəyir. İndiki prezident Robert Koçaryanın fərmanıyla fövqəladə vəziyyət rejimi martın 20-nə kimi davam etməlidi.


Fövqəladə rejimdə istənilən kütləvi toplaşmalar qadağan edilir, kütləvi informasiya vasitələrinə ancaq hadisələrlə bağlı rəsmi informasiyanı yayımlamağa izacə verilir. Həmçinin vətəndaşların istənilən siyasi hərəkətlərinə qadağa qoyulur və hökumətə bu qadağaları pozanlara qarşı silah işlətmək imkanı tanınır.


Ter-Petrosyan bazar günü öz evində jurnalistlərə deyib ki, fövqəladə vəziyyət rejimi yürüşlər yoluyla hökumətə etiraz etmək imkanını onların əlindən alıb və bu üzdən ləğv olunmalıdı. Çünki meydanların itirilməsi xalqa əlaqənin kəsilməsidi.


Petrosyan ev dustağı edildiyini və evini mühasirəyə alan polislərin ona çölə çıxmağa icazə vermədiklərini də deyir. Amma məsələ bundadır ki, Ermənistan qanunlarında ev dutağı edilmək anlayışı yoxdu. Hökumət də bu faktı inkar edir. Hökumətin versiyasına görə, evinin ətrafındakı polis qüvvələri Ter-Petrosyanın təhlükəsizliyni qoruyur və məhz təhlükəsizliyini təmin etmək asan olsun deyə, ona şölə çıxmamağı məsləhət görüblər.


Bu qadağalara baxmayaraq Levon Ter-Petrosyan indiki prezident Robert Koçaryan və yeni seçilən Serj Sarkisyanı əvvəlki sərtliklə tənqid edir. Hətta martın 2-də o, iddia edib ki, iqtidar Konstitusiya Məhkəməsinə də seçkiyə ədalətli münasibət bildirməyə imkan verməyəcək: «Mən artıq inanmıram ki, Konstitusiya Məhkəməsi bizim təqdim etdiyimiz cox ciddi faktları da lazımi şəkildə qiymətləndirsin. Çünki bu faktlar göstərir ki, seçkilər saxtalaşdırılıb».



«Bəlkə gələn, o biri, ya da üç həftə sonra mitinqlər səngiməyəcəkdi. Amma rəsmilər sadəcə onlara göz yuma bilsəydilər, iki-üç həftə sonra küçələrə çıxan adamların sayı azalacaqdı, çünki camaat ümidin itirəcəkdi»

Amma Levon Ter-Petrosyan kimi Ermənistan iqtidarı da mövqeyindən geri çəkilənə və ya kompromisə gedənə oxşamır. Ermənistan Silahlı Qüvvələrinin rəhbəri Seyran Ohanyan martın 2-də vətəndaşlara bir daha xəbərdarlıq edib ki, toplaşmalara qoyulan qadağaya əməl etsinlər. Ohanyan deyib ki, qadağanı pozmağa meyli hiss edərsə, ordu dərhal qanunlar və Konstitusiyanın onlara verdiyi imkanlardan istifadə edib belə hərəkətlərin qarşısını alacaq.


Ermənistan rəsmiləri baş verən qarşıdurmalarda iştirak edən 55 aksiyaçıya qarşı da cinayət işinin açıldığını bildirib.


Həm müxalifət, həm də iqtidar dinc aksiyanın necə qarşıdumaya çevrilməsiylə bağlı fərqli mövqelərdə dururlar. Polis bildirir ki, onlar şəhərin mərkəzindəki mağazaları, vitrinləri talan edən, küçələrdə avtobuslarla barrikadalar quran və əldəqayırma partlayıcılardan istifadə edənlərə qarşı güc tətbiq etməyə məcbur olub. Müxalifət isə deyir ki, hökumət özü onların arasına təxribatçılar yeridib və zorakılığı da bu təxribatçılar törədib. Qarşıdurmalar zamanı xəsarət alanların sayıyla bağlı da müxalifət və hökumət fərqli rəqəmlər səsləndirir.


Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, 7 mülki şəxs və bir polis hadisədə həlak olub. Səhiyyə Nazirliyi bildirir ki, 131 nəfər yaralanıb. Müxalifət isə iddia edir ki, əslində, ölənlərin sayı onlarladı.


Hökumət zorakılığa əl atmaqla müxalifət tərəfdarlarının etiraz əzmini qıra bildimi? Və ya əksinə özünə qarşı nifrəti artırdı? «Azadlıq» radiosunun regional analitiki Liz Fullerin fikrincə, əslində, hökumət özü də bilmədən müxalifətin əlinə daha uzun müddətli kart verib: «Bəlkə gələn, o biri, ya da üç həftə sonra mitinqlər səngiməyəcəkdi. Amma rəsmilər sadəcə onlara göz yuma bilsəydilər, iki-üç həftə sonra küçələrə çıxan adamların sayı azalacaqdı, çünki camaat ümidin itirəcəkdi».



Ermənistandakı bu hadisələr 1998-ci ildə elə həmin Ter-Petrosyanın istefasına getməyə səbəb olan hadisələrdən sonra ən qanlı qarşıdurma olub. Bu hadisədən sonra Amerika tərəfləri zorakılıqdan çəkinməyə, qanunlara əməl etməyə və maksimim səbirli olub, siyasi dialoqu bərpa etməyə çağırıb.


Avropa Şurasının baş katibi Terri Devis və hətta seçkinin əsasən beynəlxalq standartlara uyğun keçdiyini deyən ATƏT də oxşar bəyanatlar verib.


Amma dialoq bu gün mümkün görünürmü? Xüsusən də martın 2-də parlamentin iki deputatının siyasi quruluşu zorakı yolla devirmək cəhdində ittiham edilib, həbs olunmasından sonra. «Azadlıq» radiosunun erməni xidmətinin rəhbəri Hrair Tamrazyanın cavabı birmənalıdı: «Y ox».


XS
SM
MD
LG