Martın 6-da Yasamal Rayon Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid son sözlə çıxış edib. O, deyib ki, həbsi sifarişdir: «Azərbaycanda dövlət yox, dövlət deyilən repressiya maşını mövcuddur. Azərbaycan qanunlarla yox, feodalların sifarişiylə idarə olunur. Onların məqsədi azad söz deyəni sıxışdırmaqdır».
Qənimət Zahidə qarşı iddia qaldıran Vüsal Həsənov isə bildirib ki, ona həbs cəzası verilməməlidir. Çünki bu məsələdə həm təqsiri yoxdur, həm də dövlət qarşısında mühüm xidmətləri olub. Həsənov deyib ki, 2003-cü il prezident seçkisindən sonra baş verən ixtişaşlar zamanı təqsirləndirilən 17 şəxsin həbs edilməsi prosesində yaxından iştirak edib.
Sonra prosesdə fasilə elan olunub. Hökmün nə vaxt elan olunacağı bilinmir.
Qənimət Zahidin vəkilləri deyirlər ki, Vüsal Həsənov ona yuxarıdan verilən sifarişi həyata keçirir. Məqsəd Qənimət Zahidi şərləməklə azad sözü boğmaqdır.
Vüsal Həsənovla davadan sonra Qənimət Zahid xuliqanlıqda və bədənə xəsarət yetirməkdə təqsirləndirilərək həbs edilib. Prokuror ona 5 il cəza istəyib.