Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Bolqarıstan Azərbaycandan qaz almaq istəyir


Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana martın 10-da gəlib
Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana martın 10-da gəlib

Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qaz almaq istəyir. Bunu Bolqarıstan prezidenti Georgi Pırvanov martın 10-da Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bəyan edib.


İki prezident Xəzərin enerji resurslarının Avropaya nəqli və başqa məsələləri müzakirə ediblər. Müzakirə olunan enerji layihələri arasında Bolqarıstanın bu yaxınlarda irəli sürdüyü Burqas-Aleksandropolis (Bolqarıstan-Yunanıstan) marşrutu da olub.


Georgi Pırvanov: «Bu, yeni marşrutdur və mən bu layihəni müzakirə etməyi Azərbaycan prezidentinə təklif etdim. Hesab edirəm ki, Burqas-Aleksandropolis layihəsinə Azərbaycanın qoşulması vacibdir».


İlham Əliyev isə vurğulayıb ki, Azərbaycanın 2 trilyon kubmetr qazı var və bu, həm ölkənin, həm də Avropanın enerji təminatında uzun illər istifadə oluna bilər: «Hazırda Azərbaycanın enerji resurslarını dünyaya dörd neft-qaz xətti çıxarır».


Bolqarıstan prezidenti onu da deyib ki, Avropanın enerji təminatı baxımından NABUCCO layihəsini də reallaşdırmaq vacibdir.


Danışıqlarda siyasi məsələlərə də toxunulub. İlham Əliyev deyib ki, Avropa ölkələri Dağlıq Qarabağı müstəqil qurum kimi heç vaxt tanımayacaqları barədə Ermənistana açıq mesaj göndərməlidirlər.


Pırvanov isə vurğulayıb ki, Bolqarıstan Kosovonun müstəqilliyini tanımasa da, onun unikal xarakter daşıması və presedent yarada bilməyəcəyi barədə beynəlxalq rəyi bölüşür.


Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana martın 10-da gəlib. Səfər işgüzar xarakter daşıyır, heç bir sənəd imzalanmayıb.


XS
SM
MD
LG