Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:26

DİN rəsmisi insan alveri qurbanlarının sayının artdığını deyir


«Gözəl, xarici görkəmi cəlbedici qızları müxtəlif yollarla aldadıb aparırlar»
«Gözəl, xarici görkəmi cəlbedici qızları müxtəlif yollarla aldadıb aparırlar»

«Tanış bir adam var, evlənmək adı altında onu İrana aparıblar. Özü də sadələşdirmiş qayda ilə gediblər. Bu qayda ilə İranda 15 gün qala bilərsən, amma onu yarım ilə yaxın orda saxlayıblar. Onunla ailə qurmaq istəyən şəxs başqa yola təhrik etmək istəyib…»


Astara rayonunda işləyən müstəqil jurnalist Müstəcəb Məmmədov son illər Azərbaycanın cənub bölgəsindən İrana trafikinq, yəni insan alveri məqsədilə aparılanların sayının artdığını deyir. O, danışır ki, insan ticarəti ilə məşğul olanlar ilk növbədə qurbanlarının xarici görkəmlərinin cəlbedici olmasına önəm verirlər: «Gözəl, xarici görkəmi cəlbedici qızları müxtəlif yollarla aldadıb aparırlar. İran Astarasında belə əxlaqsız yuvalar istənilən, bu işlə məşğul olanlar kifayət qədərdir. Hətta Rusiyadan gəlib-gedənlər də var».


ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son hesabatında da deyilir ki, insan alverçiləri öz qurbanlarını müxtəlif yollarla ölkədən çıxarırlar. Kimisi xaricdə işləmək, kimisi də ailə qurmaq adı altında. Departament bildirir ki, ötən il iranlı biznesmenlə ailə qurmaq adı altında ölkədən aparılan qadınlar daha sonra alver qurbanına çevriliblər.


İnsan alveri qurbanları Azərbaycandan əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Pakistan və İrana, Hindistan və Türkiyəyə aparılır. Bu işlə məşğul olanlar isə nəinki xaricilər, həm də Azərbaycan vətəndaşlarıdır.



«İran Astarasında belə əxlaqsız yuvalar istənilən, bu işlə məşğul olanlar kifayət qədərdir. Hətta Rusiyadan gəlib-gedənlər də var»

Dövlət məmurlarının trafikinqlə bağlılığını sübut edəcək dəlillər olmadığını bildirən Dövlət Departamenti əlavə edir ki, bəzi hökumət idarələrində korrupsiyanın olması insan alverinə şərait yaradır.


Departament hökuməti tənqid edir ki, alver qurbanlarının ölkəyə qaytarılması üçün hələ də standart mexanizm hazırlamayıb. Eyni zamanda, qurbanların müraciət etməsi üçün də uyğun şəbəkənin olmaması problemdir.


Amma Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sədri Cavad Şıxəliyev deyilənlərlə razılaşmır: «Mən başa düşə bilmirəm hansı mexanizmdən söhbət gedə bilər. 152 «qaynar xətt» var, insan alveri qurbanlarına sığınacaq ayrılıb, orda mütəxəssislər işləyir. Biz QHT-lərlə birlikdə çalışırıq».


Şıxəliyev deyir ki, son illərin tendensiyası göstərir ki, Azərbaycanda insan qurbanlarının sayı artıb. Amma o, bunu müsbət hal kimi dəyərləndirir. Bildirir ki, rəqəmin artması idarənin fəaliyyətinin effektivliyinin göstəricidir.


Amma qurbanlar nə qədər artsa da, onların bir çoxları cəmiyyətdən qaçmağa çalışırlar. «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova etiraf edir ki, əksər hallarda insan alveri qurbanları bunu gizlətməyə çalışırlar: «Bir qız vardı, qurban olmasını valideynləri qəbul etdi, amma indiyə kimi də ailəsində təzyiqlərlə üzləşir. Ona görə də insan alveri qurbanları valideynlərinin bundan xəbər tutmasını istəmirlər».


Dövlət Departamentinin məlumatına görə, ötən il 283 insan alveri faktı aşkar edilib. Rəsmi olaraq 101 nəfər insan alverinin qurbanına çevrilib. Amma müstəqil ekspertlər bu rəqəmin daha yüksək olduğunu iddia edirlər.


Rəsmi məlumata görə, bu həftədən hər bir insan alveri qurbanına kompensasiya veriləcək. Məbləğ isə simvolik olaraq 33 manatdır.


XS
SM
MD
LG