«Azərbaycan» dövlət nəşriyyatında elektrik enerjisi olmadığından orada çap olunan «Azadlıq», «Bakı-xəbər», «Gün səhər», «Şərq» qəzetlərinin martın 13-ü sayı işıq üzü görməyib. Nəşriyyatda 150-yə yaxın redaksiya yerləşir, onların bəziləri gündəlik çap olunan qəzetlərdir.
Martın 12-si saat 16:00 radələrində nəşriyyatın da yerləşdiyi Yasamal rayonunun bir hissəsinin elektrik enerjisi ilə təchizatı kəsilib. Buna səbəb Şərifzadə-10 ünvanında 110 kV-luq yarımstansiyasında baş verən qəza olub.
İlkin məlumata görə, yarımstansiyadakı 10 kV-luq paylayıcı qurğudakı köhnə avadanlıqlar yüklənmə nəticəsində sıradan çıxıb. Baş vermiş yanğın söndürülsə də, həmin gün elektrik enerjisinin verilişini bərpa etmək mümkün olmayıb. Yarımstansiya yalnız martın 13-ü günorta saatlarında bərpa olunub.