«Kondoliza Raysın şübhələri başa düşüləndir».
Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov Amerika Dövlət katibinin Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll ediləcəyinə şübhə ilə yanaşması barədə bəyanatını şərh edərkən bildirib.
Bakı güman edir ki, bu bəyanat daha çox Yerevana ünvanlanıb. Belə ki, nazir müavininin sözlərinə görə, «Ermənistandakı son hadisələr və bu ölkə rəsmilərinin mövqeləri danışıqlar prosesinə təsirsiz qalmır».
ABŞ-ın Azərbaycana hərbi yardımlarını dayandırması barədə konqresmenlər Adam Şif və Co Nollenberqin təkliflərinə gəldikdə, Əzimov deyib ki, bu, təəccüblü deyil. Çünki onun sözlərinə görə, hər iki konqressmen erməni işçi qrupunun üzvləridirlər.
Nazir müavini onu da deyir ki, Ermənistan hərbiləşmə prosesində Azərbaycanı üstələyib. Çünki Bakı öz müdafiə maraqlarını qoruyur və artırılan hərbi büdcə də ehtiyacları ödəmək üçündür:
«Azərbaycanın həm hərbi xərcləri, həm də Silahlı Qüvvələrinin sayı və gücü digər ölkələrlə müqayisədə o qədər də yüksək deyil. Azərbaycanın həm əhalisinə, həm də ərazisinə görə, qüvvələrinin sayı Ermənistandakından daha azdır. Büdcənin müqayisəsi bunu deməyə əsas verir ki, Ermənistan Azərbaycandan daha çox hərbiləşir».
XİN mətbuat katibi Xəzər İbrahim isə bildirib ki, amerikalı konqresmenlərin bu cür açıqlamaları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının təsdiqidir: «Azərbaycan heç vaxt Ermənistana qarşı bəyanat verməyib, həmişə bildirib ki, öz ərazi bütövlüyünü bərpa edəcək. Yəni Azərbaycan bunu öz ərazisində edəcək. Əgər konqresmenlər deyirlərsə ki, bu, Ermənistana təhlükədir, demək, qəbul edirlər ki Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub».