Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:11

Madrid təkliflərindən imtina edildi?


Ermənistan hakimiyyəti ilə danışıqlar aparmaq riskli məşğuliyyətdir
Ermənistan hakimiyyəti ilə danışıqlar aparmaq riskli məşğuliyyətdir

Ötən həftə BMT-də Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə bölgədəki siyasi proseslərin əsas məzmununu təşkil etməkdədir. Azərbaycan bu sənədə Ermənistanla aparılan və bundan sonra aparılacaq diplomatik danışıqların yeni özülü kimi baxır. Amma məsələ bununla yekunlaşmır. Rəsmi Bakı sənədə səs vermədiklərinə görə Minsk Qrupunun həmsədri olan ölkələrə öz etirazlarını bildirir. Ermənistan isə sənədin hüquqi qüvvəyə malik olmadığını iddia edir və onun ancaq tövsiyə xarakteri daşıdığını bildirir. Beləcə, qətnamə bölgədəki siyasətin əsas predmetinə çevrilib.


Bu arada rəsmi Bakı bəyan etdi ki, Madrid təkliflərindən imtina ediləcək. Dövlət rəsmilərinin bildirdiyinə görə, Bakı bu təkliflərlə bağlı artıq özünün irad və etirazlarını bildirib. Buradan belə nəticə çıxarmaq olar ki, danışıqlar prosesi yenidən başlanmalıdır. Bəs bunun üçün zəmin varmı? Danışıqların yeni mərhələsi başlana bilərmi?


İndi Ermənistanda elə vəziyyət yaranıb ki, orada hər şeydən daha az Qarabağla bağlı danışıqlar haqqında fikirləşirlər. Ölkə siyasi gərginlik müstəvisindədir. Müxalifəti müvəqqəti susdurmaq mümkün olsa da, əksər müşahidəçilər bunun çox çəkməyəcəyini bildirir. Ermənistan hakimiyyəti atəşkəs rejimini pozmaqla cəmiyyətin diqqətini Qarabağa yönəltmək istədi, amma bu, bir nəticə vermədi. İndi Ermənistanda hakimiyyətdə olan siyasi qüvvə bütün daxili və əsas xarici dayaqlardan məhrum olub. Bu siyasi qüvvə hətta diasporun dəstəyini itirib. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar ölkədəki cəza tədbirlərinə son qoyulmasını, siyasi məhbusların azad olunmasını tələb edir. Bir sözlə, Ermənistandakı indiki hakimiyyət diplomatik immuniteti və mandatı olmayan hakimiyyətdir. O, hər an yeni hakimiyyətlə əvəz oluna bilər. Elə bu səbəbdən belə hakimiyyətlə danışıqlar aparmaq riskli məşğuliyyətdir.


Azərbaycanda isə vəziyyət fərqlidir. İndi Cənubi Qafqaz bölgəsində Azərbaycan yeganə ölkədir ki, burada siyasi təlatümlər və sarsıntılar müşahidə olunmur. Qarşıdan gələn seçkilər dövründə də vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılmır. Amma Azərbaycan üçün də narahatlıq yaradan məqamlar var. Azərbaycan Kosovonun müstəqilliyini tanımadı. Üstəlik, öz sülhməramlı qüvvələrini Kosovodan geri çağırdı. Ancaq Rusiya Dumasında Abxaziya və Cənubi Osetiya ilə bağlı aparılan dinləmələr Azərbaycan üçün də müəyyən narahatlıq yaradır. Hazırda Rusiya Duması tanınmamış separatçı rejimlərlə bağlı üç əməkdaşlıq forması müəyyən edib və hökumətə tövsiyələr verib. Bu formalardan hansının seçiləcəyini gələcək göstərəcək. Müşahidəçilərin fikrincə, Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ səfərində həm NATO-nun Buxarest sammitində ölkəsinə dəstək almaq, həm də məhz Rusiyanın bölgədə apardığı siyasətə təsir etmək istəyir. Dumanın qəbul etdiyi üç əməkdaşlıq formasının hər biri Gürcüstan üçün təhlükə yaradır.


Beləliklə, Cənubi Qafqazda bir Kosovo kabusu dolaşır. Bu kabus kimin başı üzərində dayanacaq? Harada öz tətbiqini tapacaq? İndi bu suallara cavab vermək çətin olsa da, problem kifayət qədər ciddidir. Düzdür, Kosovonun presedent olmayacağı haqqında bəyanatlar səngimir. Amma beynəlxalq siyasət həmişə ziddiyyətli olur, vəziyyətdən asılı olaraq dəyişir və sonda prosesin necə inkişaf edəcəyini heç kim bilmir.


Azərbaycanın da beynəlxalq birliyin bəyanatlarına inanmaqdan başqa çarəsi yoxdur. Elə BMT-də keçirilən səsvermə müəyyən narahatlıq üçün əsas yaradır. Minsk Qrupunun həmsədri olan ölkələrin hər üçü qətnamənin əleyhinə səs vermişdi. Bu isə birmənalı təminatın olmadığını deməyə əsas verir. Elə məsələyə bu prizmadan yanaşanda, aparıcı dövlətlərin Kosovonun presedent olmayacağı haqqındakı vədləri bir qədər şübhəli görünür. Üstəlik, Minsk Qrupunun həmsədrlərindən biri – Rusiya Kosovonu birmənalı şəkildə presedentə çevirmək əzmindədir. Eləcə də belə bir təcrübə var ki, əgər qayda bir yerdə pozulursa, onun başqa yerdə pozulmayacağına təminat yoxdur.


Beləcə, Cənubi Qafqaz bölgəsi narahat anlar yaşayır. Bu, nə ilə bitəcək? İndi bu sualın cavabını heç kim bilmir. Hətta ən təcrübəli müşahidəçilər və analitiklər belə.


XS
SM
MD
LG