Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:55

Avropada Novruz tonqalı – üçüncü mərtəbədə


«Novruz bayramı tonqalını görmək istəyənlər eyvana gəlsinlər...»
«Novruz bayramı tonqalını görmək istəyənlər eyvana gəlsinlər...»

«Novruz bayramı tonqalını görmək istəyənlər yuxarı – eyvana gəlsinlər...».


Tonqalı Praqadakı Azərbaycan restoranında keçirilən ilk Novruz şənliyində yandırıblar – üçüncü mərtəbənin geniş eyvanında. Şənliyi restoranla eyni binada yerləşən diaspor təşkilatı - Azər-Çex Cəmiyyəti təşkil edib.


- Elşən bəy, Çexiyada tonqal yandırmaq deyəsən, çox çətindir.


- Çox çətin məsələdir, Çexiyada yaşadığım müddətdə ilk dəfədir belə bir tonqal yandıra bildik.


Həmsöhbətim Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərlidir. O deyir ki, Çexiyada kim istədi küçədə tonqal qalaması mümkün deyil, küçə Praqa şəhərinin icra orqanlarına məxsusdur, gərək onlardan icazən ola. Hər bir kəs ancaq öz əmlakı olan yerdə tonqal qalaya bilər. İkincisi də, gərək tonqal yandıranda, təhlükəsizlik qaydalarına əməl edəsən, məsələn, bizim tonqalın yanında yanğınsöndürən balon da var idi.


- Birincisi, gərək ətraf mühitə ziyan vurmayasan. Məsələn, Bakıdakı kimi, avtomobil təkəri yandırmaq qadağandır, bunun cəriməsi çox böyükdür. O ki qaldı küçəyə, o, Praqanın icra hakimiyyətinə məxsusdur, gərək icazə alasan.


«Tonqal üçün taxtaları tikinti materialları satılan dükandan almışıq»


Amma tonqal üçün yerin olması hələ işin yarısıdır:


- Burda tonqal üçün taxta tapmaq problemdir. Bakıdakı kimi, küçələrdə taxta qırıntıları, ağac budaqları yoxdur ki, yığıb yandırasan. İndi yanan taxtaları tikinti materialları satılan dükandan almışıq.


- Yəni tonqalın da xərci var.


- Bəli, xərci var.


«Çalışırıq ki, özümüz kimi qalmağı bacaraq»


- Adım Vüsal Hacıyevdir – Karl Universitetində tibb fakültəsinin 6-cı kursunda oxuyuram. Axırıncı kursdayam, 7 ildir burdayam, bir il də hazırlıq kurslarında – çex dili kurslarında oxumuşam. Hər şey yaxşı gedir, artıq özümüzü yadelli kimi də hiss etmirik. Əvvəllər 7-8 tələbə var idi, başqa azərbaycanlılarla da tanışlığımız yox idi.


Vüsal məclisdə ən çox və ən yaxşı rəqs edənlərdən biridir. Deyir ki, azərbaycanlıların belə məclislərə, bir yerə toplaşmalarına böyük ehtiyacı var.


- Burda çalışırıq ki, bütün şad, matəm günlərimizi qeyd edək. Çalışırıq ki, özümüz kimi qalmağı bacaraq, azərbaycanlılığımızı qoruyaq.


Bir tərəfdən, Azərbaycan mahnıları, o biri tərəfdən, kabab, qutab, dolma, «Yeddi gözəl» şərabı. Bu özünü Azərbaycanda hiss etməyə bəs edirmi?


- Məclis təzə başlayıb. Hər şey yaxşıdır, yedik-içdik, indi camaat bir az söhbət etsin. Amma əlbəttə adam istəyərdi ki, canlı Azərbaycan musiqisi olsun, yeməklərin çeşidi çox olsun.


«Çexlər yarpaq dolmasını çox xoşlayırlar»


Restoranda Azərbaycan yeməklərini çex aşpazları bişirir. Mətbəxə girib, qəfil onların başının üstünü kəsdirirəm. Onların birindən soruşuram ki, nə bişirirsiniz? Bilmir, yanındakı aşpazdan soruşur…


Sizcə, bu aşpazın bişirdiyi nə dadar?


Bunu «Azadlıq» radiosunun türkmən xidmətindən olan həmkarım Güvəncdən soruşuram. Onunla bir stolda oturmuşuq.


- Mən azəri qutabı heç yeməmişdim, çox xoşuma gəldi. Bizdə də qutab bişirirlər. Bunun içindəkinə bizdə «ismanaq» deyirlər…


Restoranın rəhbəri – Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərli deyir ki, burada qəribə bir şey yoxdur – sadəcə, çex aşpazlar peşəkardırlar.


- Nə qədər professional olsalar da, bizim mətbəx onlar üçün yaddır... Biz Bakıdan peşəkar aşpaz gətirdik, o, çex aşpazlara 3 ay xüsusi kurslar keçdi və indi onlar öz işlərini problemsiz yerinə yetirirlər.


- Xörəklərin bişirildiyi elə ərzaqlar var ki, onları Çexiyada tapmaq çətindir. Bu problemi necə həll edirsiniz?


- Biz onları Azərbaycandan gətiririk. Məsələn, zəfərandır, sarıkökdür, bəzi göylərimizdi, məsələn, qırxbuğum… Ən böyük problem sac tapmaq oldu, onu da Azərbaycandan gətirdik, indi özümüz lavaş bişiririk. Azərbaycandan şiş də gətirdik.


- Avropada qoyun əti də tapmaq çətindir…


- Bizim restoranda qonaqlara halal ət təklif olunur. Bu işlə Praqada ərəblər məşğul olur, onlardan alırıq. Biz Praqada halal menyu təklif edən 4-5 restorandan biriyik.


- Çexlərin Azərbaycan mətbəxinə münasibəti necədir? Ən çox nə sifariş edirlər?


- İnanılmaz dərəcədə çox xəngəl sifariş edirlər, kabablarımız, plov, dovğa xoşlarına gəlir. Amma çox xoşladıqları yarpaq dolmasıdır.


«Novruz çexlərə də yaxın bir bayramdır»


Dolmanı xoşlayan çexlərdən biri də Selenkadır. Selenka Nemtsova tələbədir, Azərbaycana marağı böyükdür, hətta bir dəfə Bakıda da olub. O, da Novruz şənliyinə dəvət olunanlar arasındadır. Selenka deyir ki, Novruz çexlərə də yaxın bir bayramdır, çünki onların da yaz bayramı var – «Çarodeynitse» adlanır.


- Düzdür, biz həmin bayramı bir az gec qeyd edirik, aprelin sonunda. Amma Çarodeynitse də qışla vidalaşmaq, yazı qarşılamaq bayramıdır. Biz də tonqal qalayırıq - qışın rəmzi olan ifritələri yandırmaq mənasında.


Bir də çexlərdə elə Novruzla təxminən eyni vaxta düşən dini bayram - Pasxa var. Həmin vaxt dükanlarda eynən Azərbaycandakı kimi, müxtəlif rənglərə boyanmış yumurtalar satılır, bir də səməniyə bənzər bitki, amma dibçəkdə.


İndi Azərbaycandan Çexiyaya oxumağa çox gənclər gəlir, həm də Avropada qalıb yaşamaq arzusuyla. Onlar çox qayğısız görünürlər – addımbaşı yenilik, gəzməyə qədim şəhərlər, sənin qayğına qalan gözəl qanunlar, stressiz həyat. Amma 10-15 ildir burada yaşayanların Novruz sevincinə qarışmış bir narahatlıq da sezilir. Şairə xanım kimi.


- Mən çox istəyərdim belə tədbirlər çox olsun. Bizim ailələr, uşaqlar bizim dilimizi, rəqslərimizi – mentalitetimizə uyğun hər şeyi yadırğamasınlar.


- Uşaqlar yadırğayırlar?


- Hələ ki yox, amma məndə bir qorxu hissi var...


Buna da bax:

XS
SM
MD
LG