Həbsdə olan jurnalistlər və siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən aclıq aksiyasına martın 29-da daha iki jurnalist qoşulub. Onlar «Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Natiq Cavadlı və Demokratik Gənclər Hərəkatının rəhbəri Ağasif Şakiroğludur.
Bunu «Azadlıq» radiosuna «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu deyib. O bildirib ki, zəiflik və başağrısı istisna olunmaqla, aclıq edənlərin səhhətində heç bir problem yoxdur.
Aclıq aksiyasını martın 26-da «Gündəlik Azərbaycan» qəzetinin həbs edilmiş redaktoru Eynulla Fətullayev başlayıb, sonradan ona daha üç həmkarı da qoşulub. Hazırda Müsavat partiyasının qərargahında keçirilən aclıq aksiyasında altı jurnalist iştirak edir.