«Fakt budur ki, Azərbaycanda medianın vəziyyəti hələ yaxşılaşmayıb». Bunu «Azadlıq» radiosuna Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi jurnalistlərin aclıq aksiyasını şərh edərkən bildirib.
Cənab Semnebi diqqəti ona yönəldib ki, bəzi jurnalistlər həbsdədir, onlara qarşı məhkəmədə tətbiq olunan «pis müddəalar» hələ də Cinayət Məcəlləsindən çıxarılmayıb: «Demokratiyası və sabitliyi ilə fəxr edən ölkədə jurnalistlər fikir səhvlərinə və hökumət rəsmilərini tənqidə görə,cəzalandırılmamalıdır. Bunları Azərbaycandan üzvü olduğu beynəlxalq təşkilatlar, Avropa institututları tələb edir».
Eyni zamanda, xüsusi nümayəndə hesab edir ki, Azərbaycan hökuməti bu məsələləri həll edə bilər.
Hazırda Azərbaycanda üç jurnalist – «Gündəlik Azərbaycan» qəzetinin təsisçisi Eynulla Fətullayev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı, qəzetin satirik yazarı Mirzə Sakit həbsdədirlər.
Piter Semnebi Dağlıq Qarabağ problemi ətrafında yaranmış son vəziyyəti də şərh edib. Deyib ki, danışıqlar kövrək olaraq qalır. Onun fikrincə, tərəflər arasında artan fikir ayrılıqları yaxşı heç nə vəd etmir: «Amma həm Ermənistan, həm də Azərbaycanda sülh istəyən kifayət qədər qüvvələr var və bu, bizi ümidləndirir».