Ağır Cinayətlərə dair İstintaq İdarəsində «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin dindirilməsi yalnız aprelin 5-i gecə saat 2-də başa çatıb.
Müstəntiqlər ona çıxışda gözləyən həmkarları ilə danışmağa imkan verməyiblər və maşına oturdaraq, «Azneft» meydanına aparıblar. Orada onu taksilərdən birinə oturdaraq Kürdəmirə - valideynlərinin evinə yola salıblar. / Turan /
***
«Bu, nəzərdə tutulmayan mətbuat konfransını keçirməkdə məqsəd jurnalist Aqil Xəlilin şəxsiyyəti və cinayət işi ətrafında yaranmış mürəkkəb situasiyadır».
«Turan»ın məlumatına görə, «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bu sözləri aprelin 4-ü saat 16:00-da keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, aprelin 3-ü Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin 4 müstəntiqi A.Xəlilin müalicə aldığı Kürdəmir rayonuna gedib və axşam saat 18-dən martın 4-ü gecə 2-nin yarısına kimi jurnalisti və valideynlərini rayon prokurorluğunda dindiriblər.
Əhmədov deyib ki, gecə A.Xəlil ona zəng edərək, müstəntiqlərin onun qarşısında cinayət işi ilə bağlı üç şərt qoyduqlarını söyləyib. Onun sözlərinə görə, müstəntiqlər A.Xəlilə ya onu «mavi»lərdən, ya da iş yoldaşlarından kiminsə bıçaqlamasını bildirməsi şərtini qoyublar. A.Əhmədovun dediyinə görə, əks halda jurnalistin hansısa «mavi»lə intim əlaqədə olması barədə hansısa telekanalda hansısa «mavi»nin ifadəsi səslənəcək.
A.Əhmədov həmin müstəntiqlərin aprelin 4-ü saat 9-da Kürdəmirdən qayıtdıqda A.Xəlili də özlərilə Bakıya gətirdiklərini, hazırda jurnalistin sözügedən idarədə dindirildiyini bildirib. Onun sözlərinə görə, hətta A.Xəlil vəkilinin iştirakı ilə dindirilməsini istəsə də, buna imkan verilməyib. Lakin təqribən bir neçə saat əvvəl vəkil müdafiə etdiyi şəxsin yanına buraxılıb.
A.Əhmədova görə, baş verənlər bu il fevralın 22-də və martın 13-də Aqil Xəlilə qarşı törədilmiş cinayət işində jurnalisti öz mövqeyindən çəkindirmək məqsədi güdür. Əhmədov deyib ki, hətta A.Xəlilin hansısa «mavi»lə intim əlaqədə olması və zəngləşməsi barədə «sübutlar» hazırlanıb və həmin sübutlar iki il öncəki telefon zəngləridir: «İki il öncə isə A.Xəlil hərbi xidmətdə olub və onun mobil telefonu olmayıb».
A.Əhmədov bütün bunları medianın diqqətinə çatdırmaq üçün mətbuat konfransını keçirməyə məcbur olduğunu deyib.
Bundan sonra A.Əhmədov özünün də aprelin 3-də istintaqa çağırıldığını deyib. O, həm də bu çağırışla özünün və ya qəzetin hansısa əməkdaşının saxlanılmasına və ya həbs olunmasına heç də təəccüblənməyəcəyini bildirib. Əhmədov bütün bu hadisələri A.Xəlilə qarşı törədilmiş cinayətin üstünü açmamaq və günahkarları məsuliyyətə cəlb etməmək üçün qəzetin əleyhinə döndərilmiş kampaniya adlandırıb. O, bu kampaniyada hədəf olaraq hüquq-mühafizə orqanlarını və siyasi hakimiyyəti suçlayıb: «Artıq təhlükəli durum yaranıb, ya Qərb dövlətləri mətbuata qarşı təzyiqlərə son qoymaq üçün hakimiyyətə ən sərt təpki göstərməlidir, ya da qəzeti bağlamaq məcburiyyətində qalırıq».
Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə «Azadlıq» radiosuna açıqlamasında mətbuat konfransında şantaj haqda deyilənləri yalan və iftira adlandırıb. O, deyib ki, indi istintaq gedir və jurnalistin özünü müdafiə etməsi üçün hər cür şərait yaradılıb. «Respublika Prokurorluğunda homoseksualistin cinayəti boynuna alması ilə bağlı kaset varmı» sualının cavabında Vüqar Əliyev bunu nə təsdiq, nə də təkzib edib. Əliyev deyib ki, onda cinayət işinin detalları haqda tam məlumat yoxdu.
Mətbuat konfransından sonra Azər Əhmədov Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. Ona ibtidai istintaq və təhqiqat materiallarını yaymağa görə, cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilib.