Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

«Boykot, yoxsa iştirak...»


Müxalifət tərəfdarı 9 noyabr aksiyasında, 2005
Müxalifət tərəfdarı 9 noyabr aksiyasında, 2005

«Azadlıq» qəzeti:


…«Azadlıq» bloku indiki şəraitdə seçkiyə getməyi mənasız sayır, yəni boykot təklif edir. Siyasət adamı olmadığıma görə bunun hansı nəticələr verəcəyini deyə bilmərəm, amma «aşıq gördüyünü çağırar» deyiblər. Azərbaycanda seçki keçirənlər belə çağırışlara o qədər də əhəmiyyət vermir. Onların başlıca məqsədi qarşılarına qoyduğu nəticəni əldə etməkdir, sənin seçkidə iştirak edib-etməməyinin onlar üçün sanki, heç bir fərqi yoxdur. Deyilənə görə, seçkidə iştirak etmək əslində, onların maraqlarına cavab verir, o mənada ki, sabah Qərbin sözünün üstünə söz deyə bilsinlər. Hər halda, müəyyən məqamlarda onların sözüylə hesablaşmaq zorunda qalırlar.


Müxalifətin bir hissəsinin boykot təklifinə başqa hissə etiraz edir. Məsələn, Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı boykotun əleyhinədir. Onun qənaətinə görə, «seçkidə iştirak etməklə çox şey əldə etmək olar, nəinki boykotla». Çox təəssüf ki, Arif bəy seçkidə iştirakla əldə ediləcək «çox şey»in nədən ibarət olduğunu deməyib. Hər beş ildən bir ölkəmizdə seçki keçirilir. Parlament və prezident seçkisində indiyə qədər hansı uğurların qazanıldığını, nəyin əldə edildiyini görməmişik. Ola bilər, kimsə ailəsinin, yaxınlarının müəyyən tələbatını ödəməyə nail olub. Amma parlamentə düşməkdə məqsəd bu olmayıb axı. Bəs tərəfdarlar, demokratiya uğrunda illərlə mübarizə aparanlar? Qabaqkı illərdə parlamentə düşən müxalifət nümayəndələrini düşməyən müxalifətçilər ittiham edib, hakimiyyətə işləməkdə suçlayıb. Maraqlıdır ki, bu münasibət sonrakı illərdə də dəyişməyib. Yəni sonrakı seçkilərdə də müxalifət nümayəndələrindən bir neçəsi parlamentə düşə bilib, hansı yolla düşmənin əhəmiyyəti yoxdur. Yenə hakimiyyətə işləmək, iqtidarın seçkisinə demokratik don geyindirmək ittihamı...


Doğrudan, görəsən, indiki şəraitdə seçkidə iştirak etməklə nəyə nail olmaq mümkündür, gərək Arif bəydən soruşam...



«Gün-səhər» qəzeti:


«Onların (müxalifətin – red.) seçkiləri boykot haqqında söylədikləri beşiyindəcə boğulan bir tezisdir. Bu fikir inkişaf, dəstək tapacaq bir tezis deyil. Birincisi, Azərbaycanda seçkilərdə yetərsay anlayışı yoxdur. Vətəndaşların hansı sayda seçkilərə qatılması haqqında qanunda hər hansı bir məhdudiyyət göstərilməyib. Əminik ki, xalq vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək kütləvi şəkildə seçkidə iştirak edəcək. Seçkidə fəallıq olacaq və bəzi müxalifət dairələrinin arzuları puça çıxacaq...».


Bunu YAP-ın saytına müsahibəsində həmin partiyanın icra katibinin müavini Mübarizə Qurbanlı deyib.


M. Qurbanlı bildirir ki, müxalifət məğlubiyyətini sığortalamaq üçün indidən fərqli tezislər səsləndirir:


«Bu gün müxalifət düşərgəsində bizimlə prezident seçkilərində rəqabət aparacaq gücdə olan qüvvə yoxdur. Hazırda müxalifət nümayəndələrinin seçki ilə əlaqədar səsləndirdikləri müxtəlif tezisləri eşitməkdəyik. Açıq şəkildə görünür ki, bu düşərgənin təmsilçiləri reallığı görüb qarşıdan gələn seçkidə İlham Əliyevin qələbə əldə edəcəyini özləri üçün artıq proqnozlaşdırıblar».



«Yeni Müsavat» qəzeti:


… Qəzetin redaksiyasına daxil olan məlumata görə, müxalifət liderlərindən biri zirehli köynəkdə («bronojilet»də) gəzir...


AXCP sədrinin müavini Həsən Kərimov Azərbaycanda kriminal durumun ağır olduğu bir vaxtda partiya liderlərinin «bronojilet»dən istifadə etməsini normal qarşılayır:


«Müxalifətdə olan siyasi partiya liderlərinə qarşı istənilən vaxt hansısa bir qəsd ola bilər. Amma AXCP sədrinin silahdaşları tərəfindən mühafizəsi elə təşkil olunub ki, onun nəinki «bronojilet»ə, digər mühafizəyə də ehtiyacı yoxdur. O, Allahın mühafizəsindədir».


Hansı partiya liderinin zirehli köynəkdə gəzməsinə gəlincə isə, H. Kərimov hansısa müxalifət liderinin özünə qarşı marağı artırmaq üçün belə bir şayiə yaya biləcəyini ehtimal edir.


Siyasi liderlərin can güvənliyi üçün hansısa bir formadan istifadə etməyin vacibliyini vurğulayan Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu aşağıdakıları dedi:


«Mən Azərbaycanda zirehli köynəkdən istifadə edən siyasətçi tanımıram. Ancaq istər Azərbaycanda, istərsə də digər ölkələrdə tanınmış siyasi xadimlərin qorunması üçün bu cür mühafizə formalarından istifadə etmək lazımdır».


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə heç kimin üzərinə kölgə salmaq istəmədiyini söylədi:


«Kiminsə bu məsələ ilə bağlı qərarını müzakirə etmək istəmirəm. Bəlkə kiminsə həyatına təhlükə var. O da bu təhlükəni önləmək və yaxud da qarşısını almaq üçün həmin vasitədən istifadə edir».


ADP sədri Sərdar Cəlaloğlu təhlükəsizliyi belə formada təmin etməyin heç bir mənasının olmadığını söylədi:


«Hesab edirəm ki, təhlükəsizliyin başlıca qarantı ölkədəki uzlaşma və həmrəylikdir, siyasi mübarizənin sivil müstəvidə aparılmasıdır. Sizdə olan məlumatı həqiqətəuyğun saymıram. Heç bir müxalifət liderini «bronojilet»də müşahidə etməmişəm».


Bir vaxtlar təhlükəsizliyi üçün zirehli köynəkdən istifadə etdiyini açıqlayan Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin münasibəti isə fərqlidir. Millət vəkili Azərbaycanda buna hələ ehtiyac yaranmadığını düşünür.



«Yeni Azərbaycan» qəzeti:


Qəzet 21 və 17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin müsahibəsini təqdim edir:


- Həm U-21, həm də U-17 Sizin rəhbərliyiniz altında ilk oyunlarını keçiriblər. Təəssüratlarınızı bilmək maraqlı olardı...


- Hələ ölkənizə gəlməmişdən əvvəl Azərbaycan futbolunun hansı səviyyədə olduğunu bilirdim. Yəni, hansısa yüksək inkişafdan danışmaz yersizdir. Ancaq bu 2 matçda futbolçular müsbətə doğru dəyişikliyin olduğunu oyunları ilə nümayiş etdirdilər. Ümumiyyətlə, yerli oyunçularda ibtidai biliklər yox dərəcəsindədir. Məsələn. İtaliyada futbolçuların 10-12 yaşda öyrəndiyini sizin oyunçular bilmir. Bu da oyun vaxtı futbolçuların meydanda yanlış qərarlar verməsinə gətirib çıxarır. Qısa vaxt ərzində rəqib hər hansı taktiki gediş edirsə, oyunçular özlərini itirir və səhvə yol verirlər. Həm də burada futbolu çox sakit tempdə oynayırlar. Sürət olduqca aşağıdır. Ona görə də sürətli oyuna üstünlük verən komandalarla qarşılaşanda, həddindən artıq «yüklənmiş» olurlar. Nəticədə yorulurlar və sona qədər çatdıra bilmirlər.


- Sizi daha çox narahat edən problemlər hansılardır?


- Əsas narahatçılıq qısa vaxt ərzində nəticə istənilməsidir. Halbuki, bunun üçün ən azı 3-5 il vaxt lazımdır. Bu müddətdən sonra yaxşı oyun haqqında danışmaq mümkündür. Fərdi şəkildə götürsək, həm U-19-da, həm də U-17-də yaxşı futbolçular var. Amma zirvəni yaratmaq üçün gərək kənardan böyük yamac düzəldəsən. Yəni bünövrə nə qədər möhkəm olsa, zirvəyə yüksələn oyunçularımızın sayı bir o qədər çox olacaq...


- Necə düşünürsünüz, «alman maşını» düşüncəsini Azərbaycan futboluna da gətirə biləcəksinizmi?


- Buna nail olmaq üçün əlimdən gələni etməyə çalışıram. Mənə elə gəlir ki, bu 2 oyunda buna az da olsa, nail olduq. Yəni futbolçular nizam-intizamdan qopmayaraq, matçın sonuna qədər mübarizə apardılar. Bir sözlə, çox qaçdılar, amma yorulmadılar....


XS
SM
MD
LG