Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:21

Müxalifət cəmiyyəti, cəmiyyət isə müxalifəti qınayır


Seçki ərəfəsində cəmiyyət niyə fəal deyil?
Seçki ərəfəsində cəmiyyət niyə fəal deyil?

Cəmiyyətin ictimai-siyasi fəallığını, sosial-siyasi proseslərdə iştirakını proqnozlaşdırmaq o qədər də asan məsələ deyil. Bəzən fəallıq güman edilən hallarda bu, təzahür etdirilmir, bəzən də əksinə olur – bir də görürsən ki, adi bir hadisə cəmiyyəti hərəkətə gətirir, onun fəallığını artırır. Bu baxımdan seçki ərəfəsində Azərbaycan cəmiyyətinin durumu çətin anlaşılan vəziyyətdədir. İnsanlar sanki seçkini, hakimiyyətin seçki ilə dəyişə bilməsini unudublar. Sosial dinamika xaotik hərəkəti andırır. Cəmiyyətin nə düşündüyünü, necə hərəkət edəcəyini müəyyənləşdirmək olmur.


Təkcə ayrı-ayrı sosial-siyasi institutlar arasında rabitə zəifləməyib, insanların özləri arasındakı ünsiyyət də azalıb. İndi orta statistik vətəndaş daha çox işçi və istehlakçıdır. Seçici psixologiyası duyulmur. Bunun səbəbləri ilə bağlı müxtəlif ehtimallar söylənir. Hakimiyyətə yaxın müşahidəçilər bunu neft dollarlarının axını ilə bağlayırlar. Sonuncu sosial problemləri qismən də olsa azaldıb və belə güman edilir ki, problemlərin azalması insanların siyasətə marağını zəiflədir. Təbii ki, bu, hakimiyyətə yaxın müşahidəçilərin qənaətidir. Həqiqət isə budur ki, neft dollarları ancaq kiçik bir təbəqənin sosial vəziyyətini yaxşılaşdırıb. Böyük əksəriyyətin vəziyyəti isə ağır olaraq qalır. Bəs onda insanlar niyə görə siyasətə maraq göstərmir, seçki ərəfəsində siyasi fəallıq nümayiş etdirmirlər?


Minlərlə vətəndaşın mitinqlərə toplaşdığı vaxtlar da olurdu. İndi ən yaxşı halda siyasi aksiyalara yüzlərlə adam toplaşır. Üstəlik bu da sonuncu dəfə ötən ilin əvvəlində, qiymət artımı vaxtı olmuşdu. Səbəb kimi çox versiyalar irəli sürmək olar. Müxalifətə yaxın ekspertlərin fikrincə insanlar vəziyyətin, eləcə də hakimiyyətin demokratik yolla dəyişə bilməsinə inanmırlar, elə bu səbəbdən də demokratik proseslərə və prosedurlara maraq göstərmirlər.


1993-cü ildə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının təzyiqi sistemli xarakter daşıyır-əvvəlcə siyasi müxalifət zəiflədildi və demək olar ki, sıradan çıxarıldı. İndi növbə mətbuatındır

Həqiqətən də 2000-ci, 2003-cü və 2005-ci illərdə insanlar seçkilərdə çox fəallıq göstərdilər. Amma bunun nəticəsi olmadı. Həm hakimiyyət, həm də müxalifət tərəfindən aldadılan insanları sosial məyusluq bürüdü. Amma onu da qeyd etmək lazımdır ki, siyasi fəallıq göstərmək üçün insanlara zəruri səhnə də verilmir. Ona görə də müəyyən etmək olmur ki, insanlar daha çox nəyə və kimə inamlarını itiriblər. Gözdən düşən demokratiyanın özüdür, yoxsa müxalifət liderləri? Təəssüf ki, bu suala birmənalı cavab vermək olmur. Müxalifət cəmiyyətdən gileylənir, cəmiyyət isə müxalifəti qınayır.


Yaxşı halda cəmiyyətlə müxalifət arasında əlaqə və əks əlaqə olmalıdır.


İndi isə müxalifət deyir ki, cəmiyyət hərəkətə gəlməsə hər hansı dəyişikliyə nail olmaq mümkün deyil. Cəmiyyət də öz növbəsində müxalifətə sosial-siyasi etirazlar idarəsi kimi baxır və belə güman edir ki, müxalifət hətta cəmiyyətin dəstəyi olmadan da etirazlar təşkil etməlidir. Son nəticədə hər iki tərəf uduzur və həmişə olduğu kimi güclü inzibati resurslara malik olan hakimiyyət öz mövqelərini saxlaya bilir.


Əgər məyusluq təkcə müxalifətlə bağlı olsaydı, demokratik cəmiyyətdə bu, tez bir zamanda öz həllini tapar və yeni müxalifət formalaşardı. Problem ondadır k, Azərbaycanda demokratik cəmiyyət yoxdur. Ölkədə faktiki olaraq əvvəllər formalaşan və yaranan siyasi partiyalar qalıb və yenilərinin meydana çıxmasından heç danışmaq olmur. 1993-cü ildə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının təzyiqi sistemli xarakter daşıyır-əvvəlcə siyasi müxalifət zəiflədildi və demək olar ki, sıradan çıxarıldı. İndi növbə mətbuatındır. Hələ seçkinin təbliğat mərhələsinin başlanmamasına baxmayaraq artıq hakimiyyətə yaxın telekanallar müxalifətə və müstəqil mətbuata qarşı qara təbliğat kampaniyası aparır.


Belə fonda yeni siyasi qüvvənin səhnəyə çıxması demək olar ki, müşkül məsələdir. Təəssüf ki, cəmiyyətin də bu proseslərə müdaxiləsi yox dərəcəsindədir. Orta statistik vətəndaş sadəcə dinləyici və tamaşaçıdır, o, prosesləri sadəcə seyr etməklə məşğuldur.


Demokratiya nəzəriyyəçiləri yazır və deyirdilər ki, siyasətlə məşğul olun, əks təqdirdə siyasət sizinlə məşğul olacaq. İndi siyasətlə məşğul olmayan insanlar səhv olaraq belə güman edirlər ki, siyasətin təsirindən kənardadırlar. Amma belədirmi? Təbii ki, yox. Siyasət bütün hallarda insanların həyatına sirayət edir və istifadə olunmayan, qorunmayan azadlıq tədricən itirilir. Bu azadlıqların hansı çətinliklə qazanıldığını yada salanda isə təəssüflənməkdən başqa çarə qalmır.


XS
SM
MD
LG