Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Mətbuat Şurasının nizamnaməsi dəyişdirilir?


Amaşov: «Nizamnaməyə hər hansı dəyişiklik qurultayın səlahiyyətinə aid olan məsələdir»
Amaşov: «Nizamnaməyə hər hansı dəyişiklik qurultayın səlahiyyətinə aid olan məsələdir»

Son günlər media mənsubları arasında Mətbuat Şurası (MŞ) sədrinin səlahiyyət müddətinin uzadılması barədə fikirlər səslənməkdədir. Hətta jurnalistlərin yaya planlaşdırılan növbəti qurultayında bu məsələylə bağlı nizamnaməyə dəyişiklik edilməsini istəyənlər də var. MŞ-nın indiki nizamnaməsinə görə, bu quruma bir şəxs yalnız iki dəfə, hər dəfə də iki il müddətinə rəhbər seçilə bilər. Yəni bundan sonra sədr başqası seçilməlidir.


Qurumun İdarə Heyətinin üzvü, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, şuranın tərkibində bir qrup şəxs sədrin bu posta iki dəfədən artıq, məsələn, 4 dəfə seçilə bilməsinə cəhd edir. Özü də bu təşəbbüs MŞ sədri Əflatun Amaşovdan gəlir: «Biz siyasətçiləri öz yerlərində kök salmaqda ittiham edirik. Bir şəxsə görə qanunlara, Konstitusiyaya dəyişiklik edilməsinə qarşı çıxırıq. İndi görək özümüz bunlara nə dərəcədə əməl edirik».


Əliyev hesab edir ki, belə bir istəyi qurultayda gerçəkləşdirmək çox çətin olacaq. Çünki bundan ötrü üçdə iki səs çoxluğu lazımdır: «Sağlam düşüncəli adamlar buna getməzlər. Çünki hamı bilir ki, bunun arxasında hansı ənənə dayanır».


MŞ İdarə Heyətinin digər üzvü, «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə deyir ki, o, Əflatun Amaşovun növbəti müddətə qurumun sədri qalmasının tərəfdarıdır. Çünki çətin dövrə və daha çox iqtidar tərəfindən təzyiqlərə məruz qalmasına baxmayaraq, Amaşov MŞ-nı saxlamaqla yanaşı müəyyən işlər də görə bilib: «Yaxın illərdə MŞ-nı daha yaxşı işlətmək üçün müəyyən perspektivlər açıla bilər. Prinsipcə istərdim ki, Əflatun Amaşov qalsın və bu prosesi yekunlaşdırsın».



«Sağlam düşüncəli adamlar buna getməzlər. Çünki hamı bilir ki, bunun arxasında hansı ənənə dayanır»

Mehman Əliyev deyir ki, MŞ yaradıcı bir təşkilatdır. Başqa yaradıcı qurumlarda olduğu kimi burada da sədrin iki dəfədən artıq müddətə seçilməsi problemə çevrilməməlidir.


Söhbət etdiyim media mənsublarının əksəriyyəti indiki dönəmdə ümumiyyətlə MŞ-nın qurultayının keçirilməsinin əleyhinədir. Hətta Əflatun Amaşovun sədr qalmasını istəyən Mehman Əliyev də hesab edir ki, ölkədə prezident seçkisi ərəfəsində bu qurultayın keçirilməsi düzgün deyil. Çünki mövcud gərginlik bu məsələyə də təsirsiz ötüşməyəcək.


«Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Rauf Mirqədirov isə hesab edir ki, hazırda ölkədə əksər mətbuat orqanları hakimiyyətin təsiri altındadır. Ona görə də prezident seçkisindən əvvəl jurnalistlərin qurultayının keçirməsi düz deyil. Əgər belə olsa, MŞ hakimiyyətin nəzarətinə keçəcək. İndiki halda isə orada iqtidar, müxalifət və müstəqil media təmsil olunur: «O ki qaldı MŞ sədrinin yenidən bu postda qalması üçün nizamnaməyə dəyişiklik edilməsi cəhdinə, Azərbaycanda ümumiyyətlə bir nəfərə görə hansısa qanunun dəyişdirilməsi ənənəsi mövcuddur. Bu, indi də MŞ-nın daxilində özünü biruzə verir».


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyir ki, istər sədr seçkisi ilə bağlı, istərsə də başqa məsələlərə dair nizamnaməyə hər hansı dəyişiklik onun yox, qurultayın səlahiyyətinə aid olan məsələdir.


Şuranın İdarə Heyətinin son iclasında növbəti qurultayın bu ilin iyun ayının sonu iyulun əvvəlində keçirilməsi barədə qərar verilib.


Mətbuat Şurası 2003-cü ildə ölkədə fəaliyyət göstərən media orqanları tərəfindən təsis olunub. O vaxtdan Əflatun Amaşov quruma rəhbərlik edir.


XS
SM
MD
LG