Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

Seçkiyə münasibət maydan sonra bilinəcək


Prezident seçkisi müxalifət üçün heç də asan keçməyəcək
Prezident seçkisi müxalifət üçün heç də asan keçməyəcək

Oktyabr ayında keçiriləcək prezident seçkisinə qədər qalan vaxt azalsa da,


müxalifətin bu seçkidə tam şəkildə iştirak edib–etməyəcəyi hələ bəlli deyil. Mətbuatdakı müsahibələrdən belə duymaq olar ki, müxalifətin bir hissəsi bütün hallarda seçkidə iştirak etmək fikrindədir, digər hissəsi isə hələki may ayının sonunu gözləyir. May ayında Seçki Məcəlləsinə və «Sərbəst toplaşmaq haqqında» qanuna düzəlişlərin taleyi məlum olacaq. Üstəlik, bəzi müxalifət partiyaları seçkidə iştirak etməyin müqabilində hakimiyyət qarşısında şərtlər qoymağı tələb edir. Amma bu mövqeyi müxalifət partiyalarının heç də hamısı bölüşmür. Elə seçki ərəfəsindəki bloklaşmaya da münasibət birmənalı deyil. Bir neçə partiya bir yerə toplaşaraq siyasi beşlik yaradıb və bu birlik çərçivəsində məsləhətləşmələr aparırlar. Amma bəzi aparıcı partiyaların funksionerləri həmin beşliyin siyasi perspektivinə inanmırlar.


Bəs may ayında hər hansı bir dəyişikliyin baş verəcəyinə ümid etmək olarmı? Artıq indidən məlumdur ki, hakimiyyət müxalifətin seçki komissiyaları ilə bağlı əsas tələbini–komissiyaların paritet əsasında formalaşdırılmasını yerinə yetirmək fikrində deyil. Belə olan təqdirdə bəzi müxalifət partiyalarının nəyə görə may ayını gözləməsi də aydın olmur. Hələ xeyli müddət bundan əvvəl hakimiyyət təmsilçiləri bildirirdilər ki, Məcəlləyə ancaq texniki dəyişikliklər ediləcək. İndi məlum olur ki, hakimiyyət öz inadından əl çəkmək fikrində deyil. Belə olan təqdirdə müxalifət nə edəcək?


Çox güman ki, Müsavat Partiyası seçkidə iştirak edəcək. Hər halda yerli müşahidəçilər belə fikirləşirlər. Eləcə də bu partiyanın funksionerləri boykot haqqında danışmağı sevmirlər. Boykot haqqında çağırışlara «Azadlıq» blokuna daxil olan partiyaların çıxışlarında təsadüf etmək olar. Bunu başqa cür izah edən ekspertlər də var. Bəzi müşahidəçilərin fikrincə, bu blok daxilindəki partiyaların vahid namizədlə bağlı problemləri var, kimin seçkiyə qatılacağı hələ məlum deyil. Bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da.



İndi partiya liderlərinin çıxışlarında seçki ilə bağlı optimist notlar bir o qədər də hiss edilmir. İndi hamı təəccüb içindədir

Amma bir danılmaz fakt var ki, həmin blok daxilində seçkiyə qatılmaq üçün bir neçə güclü namizəd mövcuddur. Müsavat Partiyasına gəldikdə isə bu partiya öz mövqeyini hələ ötən il bəyan edib və seçkidə iştirak edəcəyini bildirib. Çox çətin ki, bu qərar dəyişilsin və yaxud ona yenidən baxılsın. Böyük ehtimalla qərar qüvvədə qalacaq. Çox maraqlıdır ki, əvvəllər seçki ərəfəsində bloklar yaratmağa meyl edən Müsavat indi bu praktikaya bir o qədər də müraciət etmir. Bunu necə qiymətləndirmək olar? Kiçik partiyaların siyasi qürubu, yoxsa həmin partiyaların Müsavata marağının azalması? Birmənalı cavab vermək çətindir. Ancaq onu qeyd etmək lazımdır ki, bu taktika–Müsavatın öz ətrafına çoxlu sayda kiçik partiyaları toplaması, onun digər böyük partiyalarla dialoquna mane olurdu. Böyük partiyalar həmişə formatın kiçildilməsini, birbaşa dialoqun qurulmasını tələb edirdilər. İndi format kiçikdir və böyük dialoq üçün yol açıqdır. Amma böyük dialoq baş tutacaqmı? Bu sual da hələ öz cavabını gözləyir.


Bir detalı da qeyd etmək lazımdır. İndi partiya liderlərinin çıxışlarında seçki ilə bağlı optimist notlar bir o qədər də hiss edilmir. İndi hamı təəccüb içindədir. Seçki ərəfəsində mülayim siyasi mühitin bərqarar olacağı, mətbuata və siyasi partiyalara daha çox sərbəstlik veriləcəyi gözələnilirdi. Düzdür, seçki ərəfəsində bunun əksinin baş verəcəyi haqqında da proqnozlar var idi. Amma böyük əksəriyyət birinci ehtimalı daha yüksək qiymətləndirirdi. Təəssüf ki, ötən il və bu il mətbuata qarşı total mübarizə ili kimi yadda qaldı. Hakimiyyət nümayəndələrinin çıxışlarından belə hiss etmək olar ki, bu təsadüfi xarakter daşımır. Hakimiyyət özünə qarşı çox loyal mətbuat formalaşdırmaq əzmindədir. Hətta bu məsələ ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in xəbərdarlığı və tövsiyələri nəzərə alınmır.


ATƏT təmsilçisinin mətbuatla bağlı son bəyanatı hakimiyyət nümayəndələri tərəfindən böyük tənqidlə qarşılandı. Demokratiya və insan hüquqlarına münasibətdə hakimiyyət getdikcə daha çox avtonomluq və müstəqillik nümayiş etdirir, tənqidləri, tövsiyələri nəzərə almaq istəmir. Bu isə 2008-ci ilin prezident seçkisinin müxalifət üçün heç də asan keçməyəcəyini deməyə əsas verir.


XS
SM
MD
LG