Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Qiymətlərin qalxması iğtişaşları artırır


İndoneziyalılar pulsuz 1 kq-lıq düyü kisəsi almaq üçün növbəyə dururlar
İndoneziyalılar pulsuz 1 kq-lıq düyü kisəsi almaq üçün növbəyə dururlar
Ərzağın qiymətinin qalxmağı ilə iğtişaşların baş verdiyi ölkələrin sayı artıq 4-ə çatıb. Bunlar Kamerun, Misir, Burkina-Faso və Haitidir. Haiti parlamenti düyününün qiymətinin qalxmağına görə baş naziri işdən çıxarıb. Ancaq bu da, etiraz nümayişlərinin qarşısını ala bilmədi.

BMT-nin baş katibi Ban Ki Mun deyir ki, daha 33 ölkədə iğtişaşlar ola bilər.


Baş katib bildirir ki, Asiyada kasıblar aylıq büdcələrinin yarısını ərzağa xərcləyirdilərsə, ərzaq almağa bu gün ailə büdcəsinin 80 faizi gedir.


Ban Ki Mun bunları Qanada BMT-nin ticarət və inkişaf konfransında deyib.


Onun fikrincə problem böyükdür və atılan addımlarda səhvə yol vermək olmaz. O səhv deyəndə Qazaxıstanın taxıl ixracına ya Vyetnamın düyü ixracına qoyduğu qadağanı nəzərdə tutur və deyir ki, bu, çıxış yolu deyil.


«Əgər problem düzgün yoluna qoyulmasa, ərzaq böhranı zəncirvari reaksiya ilə digər böhranlar yaradacaq-iqtisadi artıma, sosial inkişafa və hətta siyasi təhlükəsizliyə təsir edəcək».


Ban Ki Mun belə bir misal çəkib ki, bu qiymət artımı Minilliyin İnkişafı Proqramını 7 il geri salıb.


Dünya Bankının hesablamasına görə təkcə bu il daha 100 milyon adam kasıblıq həddinə düşəcək.


Vəziyyətin ciddi olmasına başqa misal: dünyanın ən kasıb 49 ölkəsi BMT-yə müraciət edib ki, ən qüdrətli ölkələrdən ibarət bir Şura yaradılsın və bu Şura qiymət artımına qarşı tədbirlər görsün.


Hazırda dünyanın bir çox ölkələrində bəzi bitkilər-taxıl və şəkərdən yanacaq düzəldilir. Mütəxəssislərin fikrincə, neft bahalananda taxılın da qiymətinin qalxması bu amillə bağlıdır. Buna görə də Beynəlxalq Valyuta Fondu taxıldan yanacaq düzəltməyi indiki şəraitdə mənəvi məsələ adlandırıb. Başqa sözlə desək, əhalinin yeməyə çörəyi olmayanda taxıldan yanacaq düzəldib maşın sürmək mənəvi problemdir və fond çağırıb ki, bioyanacaq hazırlamağa moratorium qoyulsun.


Britaniyanın «Qardian» qəzeti yazır ki, BMT-nin ərzaq haqları üzrə hesabatçısı Jan Ziqler də ərzağın bahalanmağında subyektiv amillərin güclü olması fikrindədir. O, deyir ki, indiki böhranın səbəblərini bioyanacaq, ərzaq birjalarındakı oyunlarda və Avropa Birliyinin ixraca verdiyi subsidiyalarda axtarmaq lazımdır. Yəni, ərzaq böhranı hamı düşündüyü kimi sırf obyektiv, yəni insandan asılı olmayan problem deyil.


BMT-nin baş katibi Ban Ki Mun isə deyir ki, istənilən halda bəşəriyyət yediyindən çox istehsal etməlidir, başqa yol yoxdur.


Hələliksə, Hindistan «basmati»dən başqa bütün düyü növlərinin ixracını dayandırıb, Pakistan kartoçka sisteminə keçir, Rusiya süd məhsullarının, çörəyin, yumurtanın qiymətini «dondurur», İndoneziya kasıblara ərzaq bahalanmasının bir hissəsini kompensasiya edir.


Azərbaycan hökuməti isə hələlik bu sahədə heç bir tədbir görməyib, ancaq Azərbaycan prezidenti İlham Əliyev deyir ki, əhaliyə dəyən ziyanı yüngülləşdirmək üçün hökumətə tapşırıq verib.


XS
SM
MD
LG