Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:28

Saakaşvili Putindən Gürcüstana təcavüzə son qoyulmasını tələb edib


Mixail Saakaşvili Vladimir Putinə zəng edib
Mixail Saakaşvili Vladimir Putinə zəng edib

Gürcüstanla Rusiyanın davası yenə o qədər qızışıb ki, Qərb dilə gəlib, Moskvanı və Tbilisini təmkinli olmağa çağırıb. Bu çağırış həm Amerikadan, həm də BMT-dən gəlib. BMT Baş katibinin sözçüsü Mişel Montas deyib ki, Gürcüstandakı missiyanın əlində nə abxaz, nə də gürcü rəsmilərinin dediklərini sübut edəcək fakt var. Gürcüstanın separatçı regionu olan Abxaziya deyir ki, gürcü təyyarəsi onun sərhədini pozub, ona görə də təyyarəni vurublar. Gürcü rəsmiləri isə deyirlər ki, təyyarəni ruslar vurub. Bu ittihamlar həqiqət olmasa belə, regionda gərginliyi bir az da artırıb. Bunu BMT Baş katibinin təmsilçisi Mişel Montas deyib: «BMT missiyası bildirir ki, mətbuatda yazılanlar və nəticədə rəsmilərin verdikləri bəyanatlar gərginliyi artırır. Tərəflər arasında ciddi insident ehtimalı yaranır. Təyyarənin vurulması barədə xəbər də belələrindəndir».


Gürcü təyyarəsinin Abxaziya ərazisində vurulması barədə xəbər bütün tərəflərin bir-birinə ittiham yağdırmasına səbəb olub. Əvvəl tanınmamış Abxaziyanın rəsmiləri dedilər ki, pilotsuz gürcü təyyarəsi vurublar, qalıqları da abxazlar tərəfdədir. Gürcü rəsmiləri belə şey olmadığını, xəbərin təxribat məqsədiylə yayıldığını dedilər. Amma indi Tbilisi təyyarəsinin vurulduğunu, özü də onu rus hərbçilərinin vurduğunu deyir. Hətta Gürcüstanın Müdafiə Nazirliyi təyyarənin vurulduğunu göstərən videolent yayımlayıb. Kadrların vurulan təyyarədə çəkildiyi görünür. O da görünür ki, rus təyyarəsi dedikləri təyyarə yaxınlaşır, atəş açır və kadr kəsilir.



«Videoda aydın görünür ki, təyyarəni vuran «MiQ-29»dur. Qudautidən çıxır, bizim təyyarəyə yaxınlaşır, raket atır və geri - Rusiya ərazisinə qayıdır»

Gürcüstan prezidenti Mixail Saakaşvili televiziyada hirsli halda çıxış edib. Deyib ki, Rusiya prezidenti Vladimir Putinə zəng edib, ondan Gürcüstana təcavüzə son qoyulmasını tələb edib: «Bu hərəkət BMT nizamnaməsinin sərt şəkildə pozulmasıdır. Bu, əlbəttə, beynəlxalq təcavüzdür. Bu, bir ölkənin başqa bir suveren ölkənin ərazisini bombalamasıdır. Təxribatsız, qanunsuz, bütün beynəlxalq normaları kobudcasına pozaraq bombalamasıdır!»


Təyyarə qalmaqalından bir neçə gün əvvəl Rusiya Gürcüstanın separatçı regionlarıyla əlaqələrini gücləndirəcəyini demişdi. Onsuz da Rusiya gürcü regionları olan Abxaziya və Cənubi Osetiyaya arxa durur. Bu regionların sakinlərinə Rusiya vətəndaşlığı da verilib. İndi isə Rusiya Abxaziya və Cənubi Osetiyada nümayəndəlik yaradacağını, ordakı təşkilatlarla, biznesmenlərlə işləyəcəyini bildirib. Bu, əlbəttə, Tbilisini əməlli-başlı qəzəbləndirib. Rusiyanın hərəkəti gürcülərin milli qüruruna töxunub. Abxaziyayla Cənubi Osetiya özlərini müstəqil élan etsələr də, Gürcüstan onları xəritəsindən silmək niyyətində deyil. Üstəlik, NATO-ya qoşulmaq istəyən gürcü hökumətinin öhdəliyi var - ərazi bütövlüyünü qorumalıdır. Müşahidəçilərin bəziləri hesab edirlər ki, olanların arxasında Rusiya dayanıb, məqsədi də Gürücstanın NATO-ya qoşulmasına mane olmaqdır.


Amma Kreml ittihamları rədd edir. Rusiya hərbi hava qüvvələri də gürcülərə məxsus təyyarəni vurmadığını deyib. Amma Gürcüstanın hərbi hava qüvvələrinin komandanı David Nairaşvili «Azadlıq» radiosuna deyib ki, əllərindəki videolent danılmaz sübutdur: «Videoda aydın görünür ki, təyyarəni vuran «MiQ-29»dur. Qudautidən çıxır, bizim təyyarəyə yaxınlaşır, raket atır və geri - Rusiya ərazisinə qayıdır».


Gürcü rəsmilərinin arqumentlərindən biri də odur ki, abxazların da, regiondakı rus sülhməramlılarının da təyyarəni vurmaq üçün avadanlığı yoxdur.


XS
SM
MD
LG