Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:44

Ölkədə taxıl qıtlığı gözlənirmi?


İndi 600 min hektar buğda əkilib
İndi 600 min hektar buğda əkilib
Aprelin 22-də prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkənin taxıl və un ehtiyatları üzrə dövlət ehtiyatlarını tənzimləmək səlahiyyətləri Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Azərbaycanda taxıl ehtiyatları nə qədərdir? Ölkədə taxıl qıtlığı gözlənirmi?

Kənd Təsərrüfatı Nazirliyi bəyan edir ki, ölkədə hazırda ayrı-ayrı sahibkarlarda 600 minə tona qədər taxıl ehtiyatı var. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, ölkə əhalisinin buğdaya bir aylıq tələbatı 129 min tondur. Bir neçə aya yeni taxıl biçini başlayacaq. Ehtiyatdakı taxıl isə bu müddətdə ehtiyacı ödəyəcək. Hacıyev nikbindir, deyir ki, ölkədə taxıl qıtlığı yaranmayacaq. Onun sözlərinə görə, ötən il fermerlərə verilən subsidiyalar əkinçiləri taxıl əkməyə meylləndirib: «Ötən il 134 min hektardan artıq sahədə buğda əkilib. İndi 600 min hektar buğda əkilib. Hər hektardan 27-30 sentner məhsul götürülərsə daxili ehtiyac ödəniləcək».


Şəmkirdən olan fermer Oruc Məmmədov da deyir ki, onlar 50 hektarlıq sahəni başdan-başa taxıl əkiblər və onun həmkəndliləri də sahələrini boş qoymayıblar. Yüksək məhsul götürməyə ümidləri olsa da, quraqlıq onların işini çətinləşdirib:


«Su yoxdur. Yağış yağmayıb, çaylar quruyub. Hamı su problemiylə üzləşib».


Azərbaycanın il ərzində ərzaq buğdasına olan ehtiyacı təxminən 1 milyon 500 min tondur. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, yerli istehsal 70 faizə yaxındı, 30 faizə qədər taxıl isə ölkəyə idxal olunur. Nazirlik onu da bildirir ki, Azərbaycanın hələ bir neçə ilə qədər özünü yerli məhsulla təmin etməsi gözlənir.


Amma əgər bu il 600 min hektar ərzaq buğdası əkilibsə və proqnozlaşdırıldığı kimi hər hektardan 27 sentner məhsul alınacaqsa, yerli istehsal 1 milyon 600 minə çatacaq. Yəni belə çıxır ki, elə bu il Azərbaycan öz ehtiyacını artıqlamasıyla ödəyə biləcək. Nazirliyin statistikasına görə, ötən il təxminən 500 min hektara qədər sahə əkilmişdisə, onda idxal bir neçə yüz ton olmalıydı. Amma Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə ölkəyə 1 milyon tondan artıq ərzaq buğdası gətirilib. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir, onda belə çıxır ki, sahibkarlar ehtiyac olmadığı halda ölkəyə taxıl gətiriblər.


İstehsal etdiyi taxılın 95 faizə qədərini Qazaxıstandan gətirən ölkənin iri un dəyirmanlarından biri olan «Fatıoğlu» şirkətindən aldığımız məlumata görə, artıq onlarda buğda ehtiyatı tükənib və müəssisə dayanmaq təhlükəsiylə üzləşib. Şirkətin adının çəkilməsini istəməyən əməkdaşı bildirir ki, onlar yerli fermerlərin satdığı qədər taxıl alırdılar, amma bu, onların ehtiyacını ödəmədiyi üçün idxala üstünlük verirdilər.


İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, ölkədə 50-yə yaxın şirkət xarici ölkələrdən taxıl idxal edir. Qazaxıstanın bu ilin sentyabrına qədər digər ölkələrə taxıl satmayacağını bildirməsindən sonra bu ölkənin taxıl istehsalçılarıyla əvvəlcədən müqavilə bağlamış azərbaycanlı sahibkarlar problemlə üzləşiblər. İqtisadi İnkişaf naziri Heydər Babayev artıq Qazaxıstandadır və hökumətlərarası komissiyanın iclasında azərbaycanlı sahibkarların əvvəlcədən müqavilə bağladığı taxılı almaq üçün müzakirələr aparır. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, nazir geri qayıdandan sonra nəticələr barədə məlumat almaq mümkün olacaq.


Söhbət etdiyim ekspertlər isə ölkənin buğda ehtiyatının rəsmilərin dediyi qədər olmadığını bildirir və hesab edirlər ki, hökumət problem barədə açıq danışıb təcili tədbirlərə əl atmalıdır.


XS
SM
MD
LG