Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56

«Human Rights Watch» həbsdəki jurnalistləri mükafatlandırdı


«Hellman» mükafatı 1000 dollardan 10 min dollara qədərdir
«Hellman» mükafatı 1000 dollardan 10 min dollara qədərdir

«Human Rights Watch» insan haqlarını beynəlxalq müdafiə təşkilatı həbsdəki Azərbaycan jurnalistlərini «Hellmann» mükafatına layiq görüb. Mükafat alanlar «Gündəlik Azərbaycan» və «Realnı Azərbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və satirik yazar Mirzə Sakitdir. «Human Rights Watch» onların cəsarətinə görə mükafat aldığını bildirir. Təşkilatın Avropa və Asiya bölməsinin direktoru Holi Kartner deyib ki, hər üç jurnalist inandıqları işi gördükləri və cəmiyyəti məlumatlandırmağa çalışdıqları üçün həbsdədirlər. «Human Rights Watch» ümid edir ki, mükafat onların tez və şərtsiz azad olunması məsələsini qaldırmağa kömək edəcək.


«Human Rights Watch»un «Hellman» mükafatı 1000 dollardan 10 min dollara qədərdir. Mükafat siyasi təqibə məruz qalan və nəticədə maddi yardıma ehtiyacı olan yazarlara verilir. Mükafat sahiblərini yazarlar, redaktorlar və jurnalistlərdən ibarət komitə seçir. Bu il «Human Rights Watch» 34 nəfərə, o cümlədən 3 azərbaycanlı jurnalistə «Hellmann» mükafatı verir.


Mükafatla bağlı məlumatında təşkilat bildirir ki, Azərbaycan hökuməti son bir il yarımda müstəqil mətbuata hücumları artırıb, böhtan, diffamasiya və başqa ittihamlarla jurnalistləri qorxudur, bəzi jurnalistlərə fiziki hücumlar olub.


«Human Rights Watch»dan Holi Kartner deyib ki, «Hellmann» mükafatının verilməsi, «Azərbaycanda mətbuatın vəziyyətinin pisləşdiyi vaxta təsadüf edir. Azərbaycanda prezident seçkisinə az qalıb və mətbuat azadlığı, mətbuatda müxtəlif fikirlərin ifadə olunması imkanını təmin etmək azad və ədalətli seçki üçün vacibdir».


«Human Rights Watch» jurnalistlərin mükafatını bu həftə ailələrinə göndərəcək.


«Gündəlik Azərbaycan» və «Realnı Azərbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev terrorla hədələmə ittihamı ilə 8 il 6 ay müddətinə həbs edilib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda təqsirləndirilərək 4 il, satirik yazar Mirzə Sakit isə narkotik maddələri qanunsuz daşımaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG