Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

«Rusiyanın İrana göndərdiyi yükün sənədləri varsa, gizlətməsin»


«Azərbaycan həddindən artıq bir şey tələb etmir»
«Azərbaycan həddindən artıq bir şey tələb etmir»

«Rusiyanın İrana - «Buşehr» Atom Elektrik Stansiyasına göndərdiyi yükü Azərbaycanın saxlamasında heç bir siyasi motiv yoxdur. Bu, sırf texniki məsələdir».


Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov aprelin 26-da bəyan edib.O deyib ki, bu məsələdə Bakı beynəlxalq tranzit qaydalarından çıxış edir:


«Məsələ burasındadır ki, Azərbaycan həddindən artıq bir şey tələb etmir. Sanksiyaların olub-olmamasından asılı olmayaraq, müvafiq xüsusi xasiyyət daşıyan hansısa avadanlıqlar Azərbaycan ərazisindən keçirilirsə, sənədlər təqdim edilməlidir. Yalnız bu şərtlə və hökumətin xüsusi növ avadanlıqlara dair konkret qərarlarına uyğun olaraq tranzitə icazə verilə bilər».


Rusiyadan İrana göndərilən bu yük martın 29-da Azərbaycan-İran sərhədindəki «Astara» keçid məntəqəsində saxlanıb. Moskva bunu «qanunsuz» adlandırır, yükün tranzitinə dair bütün proseduralara əməl olunduğunu bildirir. Bakı isə tələb edir ki, Rusiya yük və onun istifadəsi haqqında müvafiq sertifikatı təqdim etsin.


Problemi müzakirə etmək üçün Rusiya Atom Agentliyinin nümayəndə heyəti Bakıya gəlib. Danışıqların nəticəsi barədə məlumat verilmir.


Araz Əzimov deyir ki, Rusiya Azərbaycandan «qaydadan kənar» davranış gözləyirsə, Bakı bunu etməyəcək:


«Biz anlayırıq ki, «Buşehr» stansiyası qətnamələr çərçivəsində sanksiyalara düşmür. Lakin biz bilmirik ki, bu avadanlıqlar məhz Buşehr stansiyası üçündür, ya yox, bunu sadəcə mətbuatdan öyrənirik. Əgər Rusiya tərəfi təkid edirsə ki, beynəlxalq qaydalara uyğun sənədləri var, bizə göstərsin. Niyə gizlədir?»


Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın Bakıdakı səfirliyinə nota ilə müraciət edib. Bakı Moskvadan müraciətinə rəsmi cavab verilməsini gözləyir.


XS
SM
MD
LG