Norveçin «Abcnyheter» internet səhifəsi bu ölkənin Xarici İşlər naziri Yonas Qahr Storenin Bakiya səfərinə həsr olunan məqalə dərc edib. Məqalədə deyilir ki, nazirin səfərində jurnalistlərin vəziyyətinə olan münasibət Azərbaycan iqtidarı və digərləri ilə görüşlərin qızğın müzakirə mövzusu olub. Store deyir:
«Jurnalistlər qeyri-müəyyənlik mühitində çalışırlar ki, bu da qənaətbəxş deyil. Hər hansı ölkədə aparıcı jurnalistlərin türmədə oturması özlüyündə orada nəyin necə olmasından aydınca xəbər verir».
Storenin ziyarət etdiyi TV şirkətinin baş direktorunun jurnalistlərin ağır vəziyyəti haqda fikirləri nazirinki kimi birmənali deyil. «Ümumilikdə bizdə azadlıq çoxdur. Biz tamamilə müstəqil bir şirkətik və tez-tez olur ki, iqtidar bizim müxalifəti dəstəklədiyimizi iddia edir, müxalifətsə əksinə», – deyə İsmayil Ömərov Xarici İşlər nazirinin sualına cavab verib.
Neft ölkəsindəki mətbuatın vəziyyəti Store tərəfindən hələ bu görüşdən əvvəl də dəfələrlə qaldırılıb. Məsələn, o, Xarici İşlər naziri Elmar Məmmədyarovla bu problemi müzakirə edib.
Store deyir: «Onlar iddia edirlər ki, jurnalistlər qanuni əsaslarla türməyə salınıb. Lakin mən kifayət qədər aydın şəkildə onlara dedim ki, Avropa Şurasında oturmaq və eyni zamanda öz jurnalistlərini həbs etmək bir araya sığmır».
Məmmədyarov öz tərəfindən jurnalistlərin vəziyyəti ilə bağlı onun əlindən nəyinsə gəlməsi fikrini inkar edib. «Nə mən, nə də sən bir şey edə bilərik. Bu qərarları məhkəmə çıxarıb, mən yox. Mənim əlimdən gələn bu vəziyyətə hörmət etməkdir», -deyə Məmmədyarov norveç jurnalistlərinin suallarına cavab verib.