Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:04

«Heç bir xalq demokratiya ilə doğulmur»


Bakıda «Demokratiya və sabitlik» mövzusunda konfrans keçirilib
Bakıda «Demokratiya və sabitlik» mövzusunda konfrans keçirilib

Mayın 7-də Bakıda keçmiş prezident Heydər Əliyevin 85 illik yubileyi münasibətilə «Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları» adlı beynəlxalq konfrans keçirildi. Tədbirə ABŞ, Almaniya, Belçika, Türkiyə, Rusiya daxil olmaqla bir sıra ölkələrdən nümayəndələr qatılmışdılar.


Konfransın təqdimat hissəsinə sədrlik edən Almaniyanın keçmiş Dövlət katibi Otto Hauser dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra burada demokratiya addım-addım irəli gedir. Azərbaycana əl uzadılır ki, bu sahədə daha da inkişaf etsin.



ABŞ-ın Demokratlar Partiyasının sədr müavini Susann Törnbul isə dedi ki, heç bir xalq demokratiya ilə doğulmur: «Ancaq hansı xalq, hansı millət olursa-olsun, ölkəsində demokratiya olmalıdır».


Xanım Törnbul hesab edir ki, bundan ötrü seçkilərin açıq və ədalətli olması və medianın sərbəstliyi vacibdir: «Ədalətli, açıq seçki prosesi, hökumət üzərində nəzarət mexanizmi, qanunun aliliyi və effektiv məhkəmə sistemi olmalıdır».


«Sərbəst media vətəndaşların seçkilərdə iştirakı və nəticələrin hamıya çatdırılması baxımından çox əhəmiyyətlidir. ABŞ-da sərbəst media mövcuddur»
Susann Törnbul hesab edir ki, KİV-in sərbət olmasının əhəmiyyəti xüsusilə seçki ilində daha çox hiss edilir: «Sərbəst media vətəndaşların seçkilərdə iştirakı və nəticələrin hamıya çatdırılması baxımından çox əhəmiyyətlidir. ABŞ-da sərbəst media mövcuddur».


Demokratlar Partiyası sədrinin müavini deyir ki, hər bir ölkədə insanlara daha yaxşı həyata nail olmaq üçün şərait yaradılmalıdır: «Demokratik idarəolunmada bütün vətəndaşların rəyi soruşulmalıdır, bunun üçün demokratik institutlar əsas məsələdir».


Milli Məclis sədrinin müavini Valeh Ələskərov isə Susann Törnbulun dediklərini tam qəbul etmədiyini bildirdi. Vitse-spiker dedi ki, ölkənin inkişafı üçün əvvəl sabitlik, ardınca iqtisadi inkişaf və bundan sonra demokratiya olmalıdır. Çünki əvvəl demokratiya olanda xaos yaranır.


Medianın sərbəstliyinə gəlincə, cənab Ələskərov dedi ki, o, azad medianın sərbəstliyini qəbul edir, amma bir şərtlə ki, söhbət peşəkarlardan getsin: «Bu şərtlərlə mən siz dediklərinizi qəbul edirəm. Və əminəm ki, Azərbaycan iqtisadi inkişafı ilə bərabər demokratiyada da başqa ölkələrlə müqayisədə daha sürətlə irəli gedəcək».


Valeh Ələskərovdan fərqli olaraq bir çox iqtisadi və siyasi ekspertlər hesab edirlər ki, etibarlı sabitliyə, dayanıqlı siyasi və iqtisadi inkişafa nail olmaq üçün ilk növbədə demokratiya bərqərar olmalıdır.


Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyir ki, əslində, demokratiya, insan hüquqları, söz azadlığı və sairə ilə bağlı problemləri olan ölkələrdə nəyin birinci, nəyin ikinci olduğunu ortaya atmaqla mövcud vəziyyəti əsaslandırmaq cəhdləri həmişə özünü büruzə verib. Əslində isə bunların hamısı bir-biri ilə bağlı olan dəyərlərdir. O ki qaldı azad media məsələsinə, təkcə KİV-dən, jurnalistlərdən peşəkarlıq tələb etmək yanlışlıq və ədalətsizlikdir: «Ona görə ki, siyasətçilər, hüquq sistemini təmsil edənlər və digərləri də peşəkar olmalıdırlar».


XS
SM
MD
LG