«Sərhədsiz reportyorlar» və Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə qarşı növbəti fiziki hücumları pisləyib.
«Sərhədsiz reportyorlar» öz bəyanatında qeyd edir ki, mayın 7-də kimsə Aqil Xəlili metro qatarının altına itələməyə cəhd edib, bir neçə saat sonra isə iki nəfər onu küçədə tutaraq, oğurlamaq istəyib.
«Sərhədsiz reportyorlar» bildirir ki, «hakimiyyət buna reaksiya verməli və bu zorakılığı dayandırmalıdır ki, Aqil Xəlil jurnalist kimi tam təhlükəsizlik şəraitində öz işini yerinə yetirə bilsin».
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi də Aqil Xəlilə qarşı davam edən hücumlardan narahatdır. Komitə Azərbaycan hökumətini «jurnalistin həyatına qəsd cəhdlərini araşdırmağa və onun təhlükəsizliyini təmin etməyə çağırır».
«Jurnalistlərə qarşı hücumlara məhəl qoymamaqla Azərbaycan rəhbərliyi sonu olmayan cəzasızlıq silsiləsinin iştirakçısına çevrilir. Bu da ölkədə söz azadlığı sahəsində onsuz da çox pis olan vəziyyəti daha da pisləşdirir», – deyə komitənin Avropa və Mərkəzi Asiya bölməsinin koordinatoru Nina Oqnianova bildirib.
«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili fevralın 22-də «Zeytun Bağları» adlanan ərazidə döyüblər. Həmin vaxt o, qanunsuz ağac kəsən şəxslərin şəklini çəkirdi. Martın 13-də isə naməlum şəxslər onu ürək nahiyəsindən bıçaqlayıblar.
Respublika Prokurorluğu jurnalistin homoseksuallarla əlaqəsi barədə videolent yayıb. ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bunu «biabırçılıq» adlandırıb.
«Jurnalistin döyülməsi və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb», - deyə ATƏT rəsmisi qeyd edib.