Atəşkəs müqaviləsindən artıq 14 il keçir. Hər il mayın 12-də olduğu kimi yenə Azərbaycan cəmiyyətində bir çoxlarını belə bir sual düşündürür: Atəşkəs dövründən necə istifadə edilir? Çünki 14 il əvvəl Azərbaycanda çoxları atəşkəs müqaviləsinə bir şans kimi baxırdı. Bəziləri düşünürdü ki, sabitlik dövründə ölkəyə neft pulları gəldikcə həm ordu quruculuğu başa çatacaq, həm iqtisadiyyat inkişaf etdiriləcək, həm də vətəndaş cəmiyyəti bərqərar ediləcək.
Azərbaycan Ordusu artıq yaranmasının 90 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Müdafiə naziri Səfər Əbiyev bu günlər ANS televiziyasına müsahibəsində deyib ki, ölkədə güclü hərbi kadr potensialı hazırlanıb. Artıq Azərbaycan Ordusu tam beynəlxalq standartlara cavab verir. Ancaq bu dəyərləndirməyə Azərbaycanın özündə şübhə ilə yanaşanlar var.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, bu 14 il sadəcə olaraq itirilib. Həm ordu quruculuğu, həm iqtisadi inkifaş, həm də vətəndaş sülhünün bərqərar edilməsi baxımından. Kərimlinin sözlərinə görə, iri neft gəlirləri ölkənin güclənməsinə yox, korrupsiyanın çiçəklənməsinə xidmət edir: «Bu 14 ildə məqsəd hakimiyyəti gücləndirmək olub. Nəinki Qarabağı azad etmək. Siz bir Daxili Qoşunların, Çevik Polis Alayının da vəziyyətinə baxın, sərhəddə dayanan sıravi əsgərlərin də…»
Hakimiyyətin opponentləri arasında bir fikir də var ki, Azərbaycan bu 14 ildə öz strateji seçimini də edə bilməyib. Azərbaycan Ermənistan kimi nə Rusiya ilə müttəfiqdir, nə də Gürcüstan kimi birmənalı NATO-ya inteqrasiya yolunu tutub. Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Azərbaycan Ordusu NATO standartlarına cavab vermir: «Əgər Silahlı Qüvvələrin hüquqi bazası keçmiş SSRİ-dən qalma nizamnamələrin hərfi tərcüməsidirsə, silah və sürsatın əksəriyyəti keçmişdən qalmadırsa, bu ordunun necə NATO standartına cavab verdiyini düşünmək olar?»
Atəşkəs mövzusunda suallardan biri də onun nə dərəcə möhkəm, etibarlı olmasıyla bağlıdır. Tez-tez sərhəddə atəşkəs pozulur. Qeyri-rəsmi məlumatlara görə, bu dövrdə atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən üç minə yaxın hərbçi və mülki şəxs öldürülüb. Hətta Ermənistanda prezident seçkisindən dərhal sonra cəbhədə atəşkəsin nisbətən iri əməliyyatlarla pozulması 14 il əvvəl imzalanan bu müqavilənin uzunömürlü olacağına şübhələr yaratmağa başlamışdı. Yerli ekspertlər hesab edirlər ki, atəşkəs hər iki ölkədə hakimiyyətlərin siyasi maraqlarından asılı vəziyyətə çevrilib. Prezidentin xarici məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə isə deyir ki, atəşkəsə ən böyük təhlükə Rusiya amilidir: «Rusiya regionda ABŞ-ın mövqelərini üstələsə, yenidən atəşkəsi pozar, bu regionu ələ keçirər. Ancaq Moskva bu gücdə deyil. Rusiya bu addımı atarsa, ABŞ-dan çox böyük zərbə ala bilər».
Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycanın işğal altında olan ərazilərini geri qaytarmaması təkcə atəşkəs dövründən səmərəli istifadə edə bilməməsi ilə bağlı deyil. Keçmiş müşavir deyir ki, Rusiya regiona daimi və möhkəm sülhün gəlməsində maraqlı deyil. Belədə isə Rusiyadan çox-çox zəif olan Azərbaycan həm hərb, həm də sülh şəraitində yaşamağa məhkumdur…