Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Rusiyanın regiondakı siyasəti dalana dirənib»


Rusiyanın münaqişə tərəflərinə təzyiq etməyəcəyini vurğulayır
Rusiyanın münaqişə tərəflərinə təzyiq etməyəcəyini vurğulayır
Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin və Dövlət Dumasının spikeri Boris Qrızlov Azərbaycana gəlib. Bu səfərlər Moskva ilə Bakı arasında münasibətlərin sərinləşdiyi dövrə təsadüf edir. Belə ki, son bir neçə ayda Rusiyanın dövlət kanalı RTR-in Azərbaycanda yayımının dayandırılmasından tutmuş, miqrantlar, tranzit və sərhəd problemi kimi bir çox məsələlərdə iki ölkə anlaşa bilmirlər.

Ötən ay isə İrana göndərilən Rusiya avadanlığını Azərbaycan gömrükçüləri bir neçə həftə sərhəddə saxladıqdan sonra buraxmışdılar.


Rusiya səfirliyinin yaydığı məlumata görə, Qriqori Karasin Bakıda əsasən sərhəd məsələlərindən danışacaq. O, Samur körpüsünün bərpası üzrə Rusiya İşçi Qrupunun rəhbəridir və əraziyə də baş çəkəcək.


Amma bu məsələ diplomatlardan əvvəl deputatlar səviyyəsində qaldırılıb. Boris Qrızlov mayın 13-də Milli Məclisdə görüşərkən deyib ki sərhəd danışıqları, xüsusilə də Samur xəttinin istifadəsi çoxdan bitməli idi və bəlkə də yubanmaya görə, danışıqları aparanların özlərini dəyişmək lazımdır.


Rusiya rəsmiləri həm də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasının vacibliyindən bəhs edirlər. Qrızlov Bakıdan keçəcək Moskva-Tehran dəmir yolunun inşası üzrə beynəlxalq konsorsium yaradılmasını zəruri sayır.


Yerli müşahidəçilər bu təklifləri Rusiyanın İrana və digər istiqamətlərə göndərmək istədiyi yüklərin daha asan tranzitinə nail olmaq niyyəti ilə əlaqələndirirlər. Onların fikrincə, Moskva ötən ay «Buşehr» yükünün yubadılmasını texniki yox, siyasi məqsədlərlə əlaqələndirir və indi də konkret layihə ilə Bakını fakt qarşısında qoymaq istəyir.


Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyir ki, Bakı Rusiya rəsmilərinə cavabını konkret verməlidir: «Ayda bir dəfə Rusiyadan bu və digər səviyyədə adamlar gəlir. Moskvada Azərbaycanla bağlı konkret siyasət tərtib olunub. Həmin siyasət Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq, başqalarını bura qoymamaqdan ibarətdir. Bu mənada Bakı daha intensiv şəkildə avroatlantik məkana üz tutmalıdır».


Politoloq Rasim Müsabəyov isə hesab edir ki, sərhəd və yük məsələləri Qrızlovla Karasin kimi siyasətçilərin səlahiyyətlərindən kənar mövzular olduğu üçün bu səfərlərdə Bakıdan hansısa yekun qərar tələb olunduğunu gözləmək olmaz. Amma onun fikrincə, Bakı ilə Moskva arasında təmasların artması da təsadüfi deyil: «Gözlənilir ki, Ramiz Mehdiyev Moskvaya səfər edəcək. Sonra ehtimal olunur ki, Qazaxıstandan sonra prezident Medvedev MDB dövlətləri arasında növbəti səfərini Bakıya edəcək. Bunlar göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində müəyyən praqmatik dəyişikliklər baş verir. Amma Rusiyanın həm MDB məkanında, həm də Cənubi Qafqazda siyasəti müəyyən mənada dalana dirənib».


Bununla belə, politoloq deyir ki, Rusiya Azərbaycandakı nüfuzunu bərpa etmək istəyirsə, Qarabağ siyasətinə əl gəzdirməlidir. Elə bu məsələ Rusiya rəsmilərinin Bakı görüşlərində də xüsusi vurğulanır. Boris Qrızlov ölkəsinin vasitəçilik missiyasını fəallaşdırmaq niyyətində olduğunu deyib. Hərçənd, o, birmənalı şəkildə Rusiyanın münaqişə tərəflərinə təzyiq etməyəcəyini də vurğulayır.


Gələn ay Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda görüşəcəklər.


XS
SM
MD
LG