«Seçki Monitorinq Mərkəzinin bağlanması barədə qərar narahatedicidir. Biz bunu geriyə addım kimi dəyərləndiririk».
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna bildirib.
O, xatırladıb ki, sözügedən mərkəz son səkkiz ildə həm Azərbaycanda, həm də başqa ölkələrdə seçkilərin müşahidəçiliyini aparıb və bu sahədə təcrübə toplayıb.
Bir neçə müraciətdən sonra bu ilin fevral ayında təşkilatın qeydiyyatdan keçirilməsi razılıqla qarşılanıb.
Conatan Henik: «Azərbaycan oktyabrda azad və ədalətli seçkilər keçirmək niyyətində olduğunu bildirib. Biz hesab edirik ki, yerli müşahidəçilər seçkilərdə mühüm rol oynayır və onların fəaliyyətləri tamamilə məhdudiyyətsiz olmalıdır. Azərbaycan rəsmilərini və SMM-i texniki məsələləri həll etmək üçün birgə işləməyə çağırırıq. Ümid edirik ki, təşkilat yenidən qeydiyyata alınacaq».
Henik onu da deyib ki, ABŞ oktyabrdakı seçkilər üçün güclü monitorinq səylərini dəstəkləməyə hazırdır. Öz növbəsində, Azərbaycan ABŞ-dakı seçkilərə müşahidəçilərini göndərə bilər.