«ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini sülh danışıqlarına olan inamı bərpa etməyə dəvət edirlər».
Bunu «Azadlıq» radiosuna eksklüziv müsahibəsində fransalı həmsədr Bernar Fasye deyib. Onun sözlərinə görə, iyunun 7-də iki prezidentin Sankt-Peterburqda görüşü olacaq. Həmsədrlər dövlət başçıları arasında danışıqların yeni mərhələsini müzakirə edəcəklər. Fasye deyir ki, əgər dövlət başçıları arasında inam bərpa olunsa, bu, sülh prosesinə başlamaq üçün indikator ola bilər.
Həmsədrlər hesab edirlər ki, bu inam son bir neçə ayda pozulub. Ermənistandakı prezident seçkisindən sonra hər iki ölkə arasında atəşkəs rejiminin pozulmasının intensivləşməsi tərəfləri çox narahat edib. Bernar Fasye: «Biz düşündük ki, bu, danışıqların sonudur. Ancaq dərhal sonra prezidentlərlə təmaslarımız və nazirlərin görüşləri göstərdi ki, yeni mərhələyə başlamağa imkan var».
Bununla belə həmsədrlər istəyirlər ki, tərəflər Madrid təklifləri əsasında danışıqları davam etdirsinlər. Bernar Fasye deyir ki, bu təkliflər Azərbaycanın maraqlarını tam əks etdirir, orada mərhələli sülh planından söhbət gedir. Tam həll olmasa da, ilkin mərhələdə beş, daha sonra isə digər rayonların qaytarılmasını və gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsini nəzərdə tutur: «Əgər indi Azərbaycan beş rayonu alsa və əmin etsə ki, yeni müharibəyə başlamayacaq, o zaman Azərbaycanla Dağlıq Qarabağ birgə danışıqların davamını apara bilərlər».
Fransalı həmsədr deyir ki, Dağlıq Qarabağın gələcək statusu danışıqların ən sonuncu mərhələsi olacaq. Onun sözlərinə görə, həmin vaxta qədər Dağlıq Qarabağda müvəqqəti idarəetmə rejimi bərpa oluna bilər.
İyunun 4-5-i həmsədrlər Moskvada görüşəcəklər. Daha sonra onlar Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə bir araya gələcəklər. İki gün sonra isə həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün imkan yaradacaqlar.