Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:12

Danışıqlar bərpa edilir?


Dağlıq Qarabağ problemi mühüm geoiqtisadi proseslərə təsir etməkdə davam edir
Dağlıq Qarabağ problemi mühüm geoiqtisadi proseslərə təsir etməkdə davam edir

İndi diqqət mərkəzində olan hadisələrdən biri də Azərbaycan və Ermənistan prezidentlərinin bu günlərdə baş tutacaq görüşüdür. MDB-nin Sankt-Peterburqda keçiriləcək zirvə toplantısı çərçivəsində reallaşacaq bu görüş artıq indidən müzakirə olunmaqdadır.


Görüşlə bağlı fikirlər müxtəlifdir. Onu adi bir görüş hesab edənlər də var. Bəzi analitiklərin fikrincə bu, sadəcə tanışlıq xarakteri daşıyan bir tədbirdir. Üstəlik, bunun hətta ciddi bir yeniliklə müşayiət olunacağına şübhə edənlər də var. Məsələ bundadır, bəzi mülahizələrə görə Ermənistanda hakimiyyət faktiki olaraq dəyişməyib, yenə də köhnə siyasi komandanın yürütdüyü siyasət davam etdirilir, yeni siyasətin konturları görünmür.


Bu fikirlərdə müəyyən həqiqət var. Həqiqətən də Ermənistandakı proseslər ciddi tənqidə davam gətirmir. Yeni prezident Serj Sarkisyan Robert Koçaryanın silahdaşı və davamçısı hesab edilir, onları ümumi siyasi dünyagörüşü və tale birləşdirir. Amma hər halda mahiyyətcə olmasa da, formaca yeni komanda özünü siyasi gündəmə gətirib və onunla dialoq qaçılmazdır. Ermənistanın yeni hökuməti artıq danışıqların hansı məcrada keçiriləcəyinə işarə edib.


Yeni reallıqlar var və danışıqlar prosesində bu reallıqlar nəzərə alınmalıdır. Məsələn, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib və sözsüz ki, bunun yeni danışıqlar prosesinə təsiri olmalıdır

Onlar Madrid prosesinin və bu prosesdə irəli sürülən təkliflərin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Amma Azərbaycanın mövqeyi fərqlidir. Ermənistandan fərqli olaraq Azərbaycan belə hesab edir ki, ortalıqda heç bir Madrid sənədi yoxdur, sadəcə bu prosesdə xarici işlər nazirlərinin müəyyən təklifləri olub. İndi isə yeni reallıqlar var və danışıqlar prosesində bu reallıqlar nəzərə alınmalıdır. Məsələn, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib və sözsüz ki, bunun yeni danışıqlar prosesinə təsiri olmalıdır.


Göründüyü kimi, artıq indidən tərəflərin mövqeyində fərqlər var. Bu fərqlər zaman keçdikcə arta da bilər, azala da. Bu, daha çox Ermənistandakı yeni hökumətinin reallıq hissinə nə qədər yaxın ola bilməsindən asılıdır. Bakıda buna müəyyən şübhə ilə yanaşırlar. Hətta Ermənistandakı yeni hökumətin mandatı belə şübhə yaradır. Ermənistanda seçki vaxtı yaranan siyasi ehtiraslar hələ səngiməyib, cəmiyyətdəki narazılıq aradan qalxmayıb, siyasi qüvvələr arasında razılıq əldə olunmayıb. Belə şəraitdə Ermənistanın yeni hakimiyyəti ilə danışıqlar aparmağın səmərəsiz olması haqqında da fikirlər səslənir. Amma bu, tamamilə Ermənistana aid məsələdir və görünür danışıqlar prosesində bu reallıqla barışmaq lazım gələcək. Hər halda Minsk Qrupunun həmsədrləri də prosesin inkişaf etməsində maraqlıdırlar. Hətta onların arasında optimist fikirlər söyləyərək 2008-ci ilin Qarabağ probleminin həllində dönüş ili olacağını deyənlər də var. Amma təbii ki, böyük əksəriyyət bu optimizmi bölüşmür. Məsələ kifayət qədər mürəkkəbdir və son illərdə hətta siyasi ritorikalarda ciddi dəyişiklik hiss olunmur. Üstəlik, atəşkəs rejimi də Ermənistan tərəfindən müntəzəm olaraq pozulur. Münasibətlərdə daha çox psixoloji gərginlik nəzərə çarpır. Azərbaycan zəruri olduğu halda diplomatiyadan kənar vasitələrdən istifadə edəcəyini istisna etmir. Maraqlıdır ki, belə çıxışlara Ermənistanın əvəzinə Rusiya rəsmiləri cavab verirlər. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Görünür, Rusiya rəsmilərinin narahatlığı səbəbsiz deyil. Rusiya bununla bir daha Ermənistanın onun üçün Cənubi Qafqazda «forpost» olduğuna işarə edir. Əgər məsələnin hərbi yolla həlli mümkün deyilsə onun dinc üsullarla həlli olmalıdır. Amma Rusiya rəsmiləri bu haqda susur və hər şeyin Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən asılı olduğuna işarə edirlər. Üstəlik, Rusiya özünün əsas maraqlarını unutmur.


Bu yaxınlarda Rusiya Azərbaycan qazını Avropa qiymətləri ilə alaraq nəql etmək istədiyini bildirdi. Bu istəyin də indi təzahür etməsi təsadüfi deyil. Məsələ seçki ərəfəsinə və mühüm enerji layihələri müzakirə olunan dövrə təsadüf edir. Seçki dövründə Azərbaycan rəsmiləri Rusiya ilə münasibətlərə xüsusi həssaslıqla yanaşırlar. Rusiyada bunu bilirlər.


Beləcə, həll olunmamış Dağlıq Qarabağ problemi mühüm geoiqtisadi proseslərə təsir etməkdə davam edir. Elə buna görə də gələcəkdə üzücü və nəticəsiz danışıqlar prosesinin başlanması ehtimalı istisna edilmir. Görünür, bu prosesin Sankt-Peterburqdan başlanğıc götürməsi də təsadüfi deyil.


XS
SM
MD
LG