ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən razı qalıblar.
Bunu «Azadlıq» radiosuna amerikalı həmsədr Metyu Brayza deyib.
O, bildirib ki, İlham Əliyevlə Serj Sarkisyanın dialoqu xoş atmosferdə keçib. Tərəflər bir-birinin məsələyə yanaşması ilə tanış olublar.
Prezidentlər əvvəlcə geniş tərkibli, sonra isə 1 saat 40 dəqiqə ərzində təkbətək görüş keçiriblər.
Metyu Brayza deyib ki, həmsədrlərin məqsədi danışıqlar masası üzərində olan təklifləri tərəflərin istəklərinə uyğunlaşdıraraq başa çatdırmaqdır.
Ola bilsin ki, vasitəçilər iyunun axırında bölgəyə səfər etsinlər.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov prezidentlərin Sankt-Peterburq görüşünü konstruktiv adlandırıb.
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan isə deyib ki, dövlət başçıları onlara Minsk Qrupu ilə işi davam etdirmək göstəriş verib.
İlham Əliyev və Serj Sərkisyan iyunun 7-də 12-ci Peterburq İqtisadi Forumunda iştirak edəcəklər.