Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:38

Mediada etik prinsiplərin pozulması halları azalır


Monitorinqin nəticələri ilə nə «Yeni müsavat», nə də «Səs» qəzetləri razılaşır
Monitorinqin nəticələri ilə nə «Yeni müsavat», nə də «Səs» qəzetləri razılaşır

Son altı ayda ölkə mediasında etik prinsiplərin pozulması hallarında azalma müşahidə olunur. Ancaq prezident seçkisi yaxınlaşdıqca, mənzərə kəskin şəkildə dəyişə də bilər. Bu qənaətə 6 aydır ki, ölkə mətbuatını izləyən bir neçə yerli jurnalist təşkilatının monitorinq qrupu gəlib. İyunun 6-da Monitorinq qrupu öz nəticələri ilə jurnalistləri tanış etdi.


Qrupun koordinatoru İsrail Musayev deyir ki, seçkiyə yaxınlaşdıqca pozuntuların sayında artma hiss olunur. Məsələn, əgər fevralda 3 minə yaxın pozuntu qeydə alınmışdısa, aprel ayında artıq 4 minə yaxın fakt qeydə alınıb. İsrail Musayevin sözlərinə görə, monitor zamanı məlum olub ki, yazılı mediada pozuntuların təxminən 70 faizi əsasən 4 prinsipin üzərinə düşür. Bunlar isə məlumat mənbəyinə istinadın olmaması, jurnalistin təbliğat aparması, istinad etmədən başqa müəllifin materiallarından istifadə edilməsi və balansın gözləməməsidir.


Etik prinsipləri ən çox pozan qəzetlərin ilk onluğunda müxalifətyönlü qəzet kimi yalnız «Yeni müsavat»ın adı düşüb. Həmin siyahıya iqtidaryönlü «Səs» qəzeti başçılıq edir.


Monitorinqin hüquqşünası Ələsgər Məmmədli isə deyir ki, ekspertiza zamanı 72 məqalədə hüquqi pozuntu-şərəf və ləyaqətin təhqir olunması, qərəzli, qeyri-obyektiv xəbərin yayılması aşkara çıxarılıb. Ekspertin fikrincə, bu pozuntular məhkəmə davasına yol aça bilərdi. Bu məqalələr əsasən iqtidaryönlü qəzetlərdə çap olunub, 17 məqalə «Səs» qəzetinin, bir məqalə «Yeni müsavat»ın payına düşüb.


«Yeni müsavat» qəzetinin rəhbərliyi monitorinqin nəticələriylə razı deyil. Baş redaktor Rauf Arifoğlu deyir ki, o, bu monitorinqin nəticəsini obyektiv saymır və deyir ki, həmkarlarının göstərdiyi mövqe bir müxalifət qəzeti kimi onların əleyhinə işləyir.


«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev də monitorinqin nəticələriylə razı deyil və hesab edir ki, araşdırmanı müxalif mövqeli təşkilat aparır və onlara qarşı qərəzli yanaşırlar.


Mətbuat Şurasının üzvü Zeynal Məmmədli isə hesab edir ki, belə monitorinqlər vacibdir, amma demokratik mühit olmadığı təqdirdə üzə çıxan nəticələr söz və mətbuat azadlığını qorumaq əvəzinə, əks reaksiya verir. Ekspertin fikrincə, bu monitorinq yalnız peşəkarlara ünvanlanmalı və ictimaiyyətə açıqlanmamalıdır.


XS
SM
MD
LG