Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

Qəzalı binanın sakinləri…


Nazirlər Kabinetinin qərarı ilə burada yeni 17 mərtəbəli bina tikilməlidir
Nazirlər Kabinetinin qərarı ilə burada yeni 17 mərtəbəli bina tikilməlidir

Ötən ilin avqustunda Yasamal rayonunda Murtuza Muxtarov küçəsində uçan binanın toz-torpağı səngisə də səs-küyü hələ səngiməyib. Nazirlər Kabinetinin bu ilki qərarına əsasən uçan binanın ətrafındakı iki bina qəza vəziyyətində hesab olunur. Sərəncama görə binalardan birinin sakinləri tamamilə köçürülməli və bina sökülərək yerində yeni 17 mərtəbəli bina tikilməlidir. Digər binada isə gücləndirmə işləri aparılmalıdır.


Sökülməsi nəzərdə tutulan binanın əksər sakinləri köçürülmələrinə etiraz edirlər. Onlar binada çatların yaranması ilə bağlı deyilənləri əsassız sayırlar.


Sakinlər deyirlər ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına binanın zirzəmisində heç bir çatın olmadığını desələr də, onların sözünü saya salan yoxdur. Heç onlarla zirzəmiyə düşüb baxmağa da razılaşmırlar. Mən bir neçə sakinlə birlikdə çatların yarandığı iddia olunan zirzəmiyə düşdüm. Sakinlər zirzəminin divarlarını əhənglə ağartmışdılar. Amma deyirlər ki, bundan öncə də divarlarda heç bir çat olmayıb. Hətta onların sözlərinə görə, Rusiya və Belarusdan gələn ekspertlər də binanın qəza vəziyyətində olmadığını deyiblər.


Sakinləri dilə tutmağa çalışan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə deyirlər ki, ölkə başçısının tapşırığı ilə yaradılan komissiya binanın qəza vəziyyətində olduğunu müəyyənləşdirib. Belə olan halda sakinlər istəsələr də, istəməsələr də, bu bina sökülüb yenidən tikiləcək.


Bunun üçün dövlət vəsait də ayırıb. Yeni binanın tikintisi üçün hər kvadrat metrə 400 manat. Burada yaşayan 31 ailənin evi təmirli olduğu üçün yeni bina tikiləndən sonra onların mənzilləri də təmir olunacaq, bunun üçün isə hər kvadrat metrə 300 manat ayrılıb. Amma bu məbləğ sakinlərin özlərinə verilməyəcək, təmir işlərini də tikinti şirkəti görəcək. Tikiləcək binanın digər boş mənzillərində isə uçan binada ev almış ailələr yerləşdiriləcək.


Yasamal rayon icra başçısının müavini, rayonun fövqəladə hallar komissiyasının sədri Səməd İslamov deyir ki, dövlət yeni bina hazır olanadək köçürülən ailələrin kirayə haqqını da ödəyəcək.


Səməd İslamov deyir ki, sakinlərin söküləcək binadan köçmələri üçün ən çoxu bir ay yarım vaxt veriləcək. Yeni bina isə təxminən 2 il sonra istifadəyə veriləcək. Sakinlər isə belə olan halda da hüquqlarının pozulduğunu iddia edirlər. Dövlətin bu addımını heç də humanistlik kimi qiymətləndirmirlər. Onların fikrincə, dövlət binanın keyfiyyətinə hələ bina tikilərkən nəzarət etməli idi ki, bütün bunlar baş verməsin. Bundan başqa vaxtilə sahibkarın təklif etdiyi layihə əsasında pul verib öz istəyinə uyğun mənzil alan, onu yenə də öz istəyinə uyğun təmir etdirən sakinlərə yeni binada necə mənzil veriləcəyi də onlar üçün qaranlıqdır.


XS
SM
MD
LG