«İlk növbədə biz Emin Hüseynovu dəstəklədiyimizi bildirmək istəyirik. Eyni zamanda, hakimiyyəti xəbərdar edirik ki, seçkiyə bir neçə ay qalmış belə bir addım atmaq yaxşı hal deyil». «Sərhədsiz Reportyorlar» təşkilatının nümayəndəsi Elza Vidal «Azadlıq» radiosuna belə deyib.
O, bildirib ki, son vaxtlar Azərbaycanda jurnalistlərə qarşı ciddi təzyiqlər müşahidə edirlər: «Biz hakimiyyəti bu metodlardan əl çəkməyə və jurnalistlərlə daha sakit davranmağa çağırırıq».
***
«Mən şənbə günü xəstəxanada Emin Hüseynova baş çəkdim. Onun vəziyyəti yaxşı deyildi» -, Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna belə deyib.
«Aldığımız məlumata görə, həmin tədbirdə qeyri-leqal bir şey olmayıb. Sadəcə tədbirdən şəkillər və video çəkilirmiş» -, deyə cənab Henik bildirib. Diplomat deyib ki, bu məsələni yaxından izləyəcəklər.
***
Emin Hüseynov hazırda Təcili-Tibbi Yardım Xəstəxanasındadır. Həkimlər «Azadlıq» radiosuna bildiriblər ki, o, özünə gəlsə də, yemək və su qəbul edə bilmir. Səhhəti zəifdir. Ona beyin zədələnməsi diaqnozu qoyulub.
Emin Hüseynov həm saxlanılarkən, həm də polis bölməsində mülki geyimli şəxslərin təzyiqlərinə məruz qaldığını bildirib.
Nəsimi rayon 22-ci Polis Bölməsindən isə deyiblər ki, Emin Hüseynov özü-özünə xəsarət yetirib.
***
Polis Çe Gevara tərəfdarlarını saxlayıb. İyunun 14-də Bakıdakı «Alaturka» kafesində Çe Gevara tərəfdarlarının öz kumirlərinin 80 illiyini qeyd etməsi insidentlə nəticələnib. Gözlənilmədən kafeyə daxil olan 30-a yaxın mülki geyimli şəxs Kubanın Azərbaycandakı səfirinin də qatıldığı tədbiri başa çatdırmağı tələb ediblər.
Kuba diplomatı hadisə yerini tərk edib.
Tədbirin qalan iştirakçıları isə Nəsimi rayon 22-ci Polis Bölməsinə aparılıb.
Bölmədə bir neçə saat saxlandıqdan sonra tədbir iştirakçıları sərbəst buraxılıblar.
Sözügedən Polis Bölməsinə aparılan gənclər arasında olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə Təcili-Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
RATİ-nin üzvü İdrak Abbasov «Azadlıq» radiosuna deyib ki, Emin Hüseynova bölmədə ağır xəsarət yetiriblər:
«Hazırda o, özündə deyil».
Nəsimi rayon 22-ci Polis Bölməsinin məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.
Məşhur inqilabçı Çe Gevara ötən əsrin 60-cı illərində Kubada Batista rejiminə qarşı mübarizədə iştirak edib. Boliviyada qətlə yetirilib.