İranın Enerji naziri Pərviz Fəttah iyunun 17-də Bakıya gəlib. İran səfirliyinin mətbuat katibi Məcid Feyzullahi «Azadlıq» radiosuna deyib ki, «nazir Bakıda yerli rəsmilərlə ikitərəfli və həmçinin regional əhəmiyyətli layihələri müzakirə edir».
Pərviz Fəttah iyunun 17-də Bakıda enerji-yanacaq sektorunu təmsil edən nazirlik başçıları və prezidentlə danışıqlar aparıb.
Tərəflər arasında təbii qaz mübadiləsinin artırılması, yeni elektrikötürücü xətlərinin istismara verilməsi və Azərbaycan qazının İran vasitəsilə Avropaya nəqli ilə bağlı Tehranın təklifləri müzakirə olunub.
Səfirlik nümayəndəsi onu da deyib ki, çox güman yaxın vaxtlarda Azərbaycan tərəfi İran nazirinin səfərinə eyni səviyyəli səfərlə cavab verəcək.
İran bu yaxınlarda «Nabukko» qaz kəməri layihəsinə qoşulmaq barədə təklif verib. İranın Xarici İşlər nazirinin müavini Əlirza Şeyx Əttar «Azadlıq» radiosuna bildirib ki, məsələ müzakirə olunur.
Ötən il sentyabrın 20-də Azərbaycan və Avstriya hökumətləri arasında «Nabukko» qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb.
Mərkəzi Asiyadan Avropaya təbii qaz daşınmasını nəzərdə tutan «Nabukko» layihəsində Avstriya ilə yanaşı Macarıstan, Bolqarıstan, Rumıniya və Türkiyə iştirak edir. Birləşmiş Ştatlar İranın «Nabukko»da iştirakının əleyhinədir.