Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33

«Əmək koloniyası»


Fəhlələrin iş şəraiti tikinti sektorunda daha acınacaqlıdır
Fəhlələrin iş şəraiti tikinti sektorunda daha acınacaqlıdır

«Biz kimə güvənək? Azərbaycan ona görə müstəqil oldu ki, insanları kölə kimi işlədib, pulunu da verməsinlər?! İşləsək də özümüzə gün ağlaya bilmirik. Bir qarın çörəyə işləyirik. Bu biabırçılığı kimə deyəsən…»


Bunu yaxın günlərə qədər Azərbaycan hökumətinin maliyyələşdirdiyi iri layihələrin birində fəhlə işləmiş Vidadi Məhərrəmov deyir. Onun sözlərinə görə, Bakıya su kəməri çəkən tikinti şirkətlərinin birində düz 11 ay çalışıb. V.Məhərrəmov işlədiyi həmin yeri «əmək koloniyası» adlandırır. Onunla hər hansı əmək müqaviləsi bağlanmayıb. Üstəlik, nə bayram, nə də istirahət günü bilib. İşdən çıxdıqdan sonra isə onun bütün alacaqlarını tam verməyiblər:


«Adamı aparıb maşınla atırlar işə, sonra da gətirmirlər. Bəzən gündə 14 saat işləyirdik. 20 yanvar günü də bizi işlətdilər. Bayram günü işlədirlər, ancaq pulunu vermirlər».


Vidadi Məhərrəmov deyir ki, ona bir ay üçün 600 manat əməkhaqqı veriblər. Onun ehtimallarına görə, müəssisədə ikili mühasibatlıq olduğundan heç işçilərlə əmək müqaviləsi də bağlanmır.


Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, Azərbaycanda istehsalat sahəsində işçilərlə əmək müqaviləsinin bağlanmaması kütləvi hala çevrilib. Onun sözlərinə görə, vəziyyət bu baxımdan xüsusilə tikinti sektorunda daha acınacaqlıdır. Məmmədov deyir ki, əgər işçiylə əmək müqaviləsi bağlanmayıbsa, o, qanunla bütün təminatdan məhrum olur:


«Azərbaycanda işçilərə əlverişli əmək şəraiti yaradılmır. Bunun da nəticəsində işdə xəsarət alanlar, vəfat edənlər olur».


Rəsmi statistikaya görə, ötən il təkcə istehsalatda bədbəxt hadisə nəticəsində 100-dən çox insan vəfat edib. Sahib Məmmədov isə deyir ki, reallıqda həmin rəqəm 10-15-ə vurulmalıdır. Çünki Azərbaycanda real statistika gizlədilir. O, tək real şəraitə görə yox, qanunvericilik sahəsində də Azərbaycanda əmək hüququnun beynəlxalq standartlara cavab vermədiyini düşünür. Konstitusiyanın 36-cı maddəsinə görə, hər bir şəxsin iş yerində toplaşıb tətil etmək hüququ var. Sahib Məmmədov isə deyir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər nəticəsində işçilərin tətil etmək hüququ xeyli məhdudlaşdırılıb. Üstəlik, həmkarlar təşkilatı da onun fikrincə, işçinin yox, istismarçı tərəfin qayğısını çəkir. Nəticədə Azərbaycanda həm dövlət, həm də şirkətlər getdikcə gücləndiyi halda işçi tək və köməksiz qalıb əzilməkdədir.


Parlamentin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli isə istehsalat sahəsində işçilərlə əmək müqaviləsinin bağlanmamasının kütləvi hala çevrildiyi fikri ilə razılaşmır:
«Biz əmək müqaviləsinə son dəyişiklik etdik. Əgər işəgötürən işçi ilə əmək müqaviləsi bağlamırsa, o, 3 min manat cərimə edilir. Bu, ciddi məsələdir. Ona görə də belə hal yoxdur».


Gün ərzində baş çəkdiyimiz bəzi tikinti müəssisələrində isə suallarımıza qəti olaraq cavab verməkdən imtina etdilər. Ancaq Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar Komitəsinin apardığı monitorinqlər isə necə deyərlər, məşhur bir atalar məsəlini yada salır: «Cidanı çuvalda gizlətmək mümkün deyil». Komitənin sədri Ümid Hüseynov deyir ki, tikinti sektorunun təqribən 70 faizində ya əmək müqaviləsi yoxdur, ya da bağlanan müqavilə qanunvericiliyin tələblərinə cavab vermir. Orda işçinin yox, işəgötürənin hüquqlarından bəhs edilir. Bu vəziyyət isə bütünlükdə tək mənəvi yox, elə hüquqi məsuliyyət yaradır. Çünki müqavilə bağlamayan sahibkar həm dövlətin, həm də işçinin cibinə girmiş olur:


«Əgər əmək müqaviləsi bağlansa, onda işçiyə məzuniyyət verməlidir, əlavə işlədəndə bunun ikiqat pulunu ödəməlidir. Müqavilə bağlamır, axırda heç pulunu da tam vermir. Həm də vergidən yayınırlar. Ona görə də bizdə pensiya 50-60 manatdır. Halbuki, bu, 300-400 manat olmalıdır…»


Ümid Hüseynov deyir ki, əksər tikinti təşkilatlarında onların yerli özəkləri yoxdur. Əgər kimsə həmkarlar yaratmaq istəyirsə, həmin işçini müxtəlif bəhanəylə işdən qovurlar. Ona görə də çoxu iş yerini itirəcəyindən qorxub tətil və ya başqa etiraz üsullarına əl ata bilmir.


Belə olan halda isə bir qədər əvvəl haqqında bəhs etdiyimiz fəhlə Vahid Məhərrəmov kimi çoxları nə edəcəyini bilmir.


XS
SM
MD
LG