Birləşmiş Ştatlar istəyir ki, Cənubi Qafqaz dövlətləri azad, demokratiya və bazara əsaslanan iqtisadiyyat yolu ilə getsin. Bunu dövlət katibinin müşaviri Daniyel Frid Amerika konqresinin xarici nümayəndələr palatasında dinləmələr zamanı deyib.
Frid bildirib ki, Rusiyanın və ya hər hansı xarici qüvvənin bu ölkələrə təsir edə biləcəyinə inanmır. Daniel Frid deyib ki, artıq Gürcüstan NATO-ya qoşulmaqla bağlı öz seçimini edib. Azərbaycan isə bu qurumla daha ləng inkişaf yolunu tutub, Amerika Azərbaycanın bu seçiminə hörmət göstərir.
Daniyel Frid ABŞ-ın məqsədlərinin təmin olunmasında iqtisadi və siyasi islahatların əhəmiyyətini vurğulayıb. O, Azərbaycan qarşısında duran ən böyük problemin Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu deyib.
Dövlət katibinin müşaviri Daniel Frid eyni zamanda Azərbaycanla təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın inkişaf etdirildiyini də vurğulayıb. Frid deyib ki, Azərbaycan ardıcıl olaraq 3-cü ildir ki, ən yüksək iqtisadi artım nümayiş etdirir.
Azərbaycanın Avropanın alternativ qaz mənbəyi olduğunu deyən Frid bu ölkədə biznes və investisiya sahəsinin mürəkkəb olduğunu və enerji sektorundan başqa sahələrdə hələ çox işlərin görülməli olduğunu bildirib.
Dövlət katibinin müşaviri bildirib ki, biz Azərbaycanı korrupsiyanın qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə çağırmışıq.
Amerika dövlət katibinin müşaviri Daniyel Frid mətbuat azadlığına da toxunub, o bildirib ki, baxmayaraq ki, dekabrda 5 jurnalist əfv olunub, ancaq hələ də 3 jurnalist həbsdə qalmaqdadır. O əlavə edib ki, hökumət jurnalistlərə qarşı çoxsaylı zorakılıq hallarını ciddi araşdırmayıb.
Frid eyni zamanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından da narahatlığını bildirib.
Oktyabrdakı prezident seçkilərinə gəlincə, Frid ümid etdiyini bildirib ki, oktyabrın 15-i yalnız seçki günü yox, həm də əsaslı demokratiyanın inkişafının nümayişi günü olacaq.