Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

AŞ PA Azərbaycana dair qətnamə qəbul etdi


Qətnamə tövsiyə xarakteri daşıyır
Qətnamə tövsiyə xarakteri daşıyır

«AŞ PA-nın yay sessiyasında qəbul olunan sənəd nisbətən balanslıdır. Amma bununla belə, bizim mübahisə edə biləcəyimiz məqamlar da var». Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov belə deyib.


O, bildirib ki, qətnamə tövsiyə xarakteri daşıyır və Azərbaycan hökuməti bu sənədi milli maraqlar baxımından dyərləndirəcək.


***



Qətnaməyə düzəliş jurnalistlərin azadlığa buraxılması üçün ümid yaradır. Bunu AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova deyib.


O, bildirib ki, bu düzəliş başqa siyasi məhbus hesab olunan şəxslərin də azadlığa buraxılması üçün ümid verir.


Amma bütün hallarda Jivkova hesab edir ki, qətnamənin nəzərə alınması hakimiyyətin iradəsindən asılı olacaq.


Həmməruzəçilərin Bakıya növbəti səfəri seçki ərəfəsində olacaq, onlar müşahidəçi kimi gələcəklər.



***


AŞ PA-nın yay sessiyasında «Azərbaycanda seçkiöncəsi demokratik təsisatların vəziyyəti» adlı sənəd qəbul edilib. Sənədi Parlament Assambleyasının Monitorinq Komitəsinin ölkə üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova təqdim ediblər.


Hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması kimi məsələlər var.


Sənəd AŞ PA Monitorinq Komitəsinin Kiyevdə keçirilən toplantısında bəyənilib.


Müzakirələr zamanı sənədə 22 düzəliş təklif olunub, onlardan 9-u qəbul edilib.


Qəbul olunmuş düzəlişdə Avropa Şurası Azərbaycan hakimiyyətini Natiq Əfəndiyev, Rasim Əkbərov, Ruslan Bəşirli, Akif Hüseynov və Telman İsmayılovu humanitar əsaslarla azadlığa buraxmaq məsələsini müzakirə etməyə çağırır. Bundan əvvəlki layihədə «humanitar əsaslar»la ifadəsi yox idi.


AŞ PA-da olan hüquq müdafiəçiləri «Azadlıq» radiosuna deyiblər ki, cinayətlərinin mahiyyətinə baxmayaraq adıçəkilən şəxsləri səhhətindəki problemlərə görə, azadlığa buraxmağa çağırmaq təqdirəlayiq addımdır.


Ermənistan deputatlarının Qarabağla bağlı Azərbaycanın xeyrinə olmayacaq düzəlişləri Assambleya qəbul etməyib. Ermənistan deputatlarının Naxçıvanda abidələrin dağıdılması ilə bağlı düzəlişi də qəbul edilməyib.


***


«Azərbaycanda bizi narahat edən əsas amil insan haqları və demokratikləşmə məsələsidir. İnsan haqlarıyla bağlı vəziyyət, təəssüf ki, bərbaddır. Xüsusilə də söz azadlığı, azad mətbuat və jurnalistika sahəsində». Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında (AŞ PA) Azərbaycanla bağlı müzakirələrdə məruzəçi Andres Herkel belə deyib. O, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xeyli problemin qaldığını vurğulayıb.


XS
SM
MD
LG