Venesiya Komissiyası (VK) hesab edir ki, Azərbaycanda seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi təkcə ölkə rəhbərliyin deyil, ümumilikdə cəmiyyətin siyasi iradəsindən asılıdır.
Bunu «Azadlıq» radiosuna komissiyanın katibi Sergey Kuznetsov bildirib:
«Biz seçki qanunvericiliyinin standartlara uyğunlaşdırılması və bütün siyasi qüvvələri təmin edəcək variantda təkmilləşməsi üçün əlimizdən gələni etdik. Müzakirələri apardıq və tövsiyələrimizi verdik. Son nəticədə ortaya qoyulan dəyişikliklər tam olmasa da, tövsiyələrin müəyyən qismini nəzərdə tutur».
İyunun 25-də VK özünün bir həftə əvvəl keçirilmiş 75-ci sessiyasında qəbul etdiyi, Azərbaycanın Seçki Məcəlləsi barədə qənaətlərini dərc etdirib. Qurum hesab edir ki, Məcəlləyə olunmuş düzəlişlər «prinsipcə, tövsiyələrə uyğundur»: «Eyni zamanda bəzi mühüm tövsiyələrə əməl olunmayıb. Komissiyanı narahat edən məsələlərdən biri seçki komissiyalarının tərkibidir. Bu məsələdə heç bir dəyişiklik yoxdur».
Kuznetsov deyib ki, indi hər şey sənədin necə icra olunacağından asılıdır. VK narahatdır ki, parlamentin qəbul etdiyi dəyişikliklər əhalinin seçki haqqında məlumatlandırılması baxımından da geriyə işləyə bilər. O, bu sırada namizədlərin telekanallarda çıxışı ilə bağlı yeni qaydaları göstərib.
Komissiya eləcə də şikayət və apellyasiyalara baxılması mexanizmindəki qeyri-müəyyənlikdən narahatdır.
Komissiya nümayəndəsi məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqları davam etdirəcəklərini deyib.