Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

İspaniya - Avropa, Türkiyə - futbol çempionu


Futbol üzrə Avropa Çempionatı başa çatdı
Futbol üzrə Avropa Çempionatı başa çatdı

Final oyununda Almaniya millisinə 1-0 hesabı ilə qalib gələn İspaniya yığma komandası Avropa çempionatının qalibi oldu. 33-cü dəqiqədə Fernande Torresin rəqib qapısına vurduğu yeganə qol oyunun taleyini həll etdi. Bütün yarışı birnəfəsə keçən İspaniya millisi 44 illik fasilədən sonra ikinci dəfə Avropada çempionu oldu. İspanlar qrup oyunlarında Rusiya (4-1), İsveç (2-1) və Yunanıstan (2-1) komandalarına qalib gələndən sonra ¼ finalda İtaliya yığması ilə qarşılaşmış və yalnız 11 metrlik cərimə zərbələri hesabına (4-2) yarımfinala çıxa bilmişdi. Yarımfinalda yenidən Rusiya yığması ilə qarşılaşan ispanlar bu dəfə də böyük hesabla (3-0) qalib gəlib finala yüksəlmişdilər.



İspaniya, Hollandiya, Portuqaliya kimi komandaların oyunundan sonra yerli Azərbaycan komandalarının futboluna baxmaq ən sadiq azarkeş üçün belə işgəncəyə bərabər bir əzab ola bilər

Beləcə Avro 2008 də sona yetdi. İstənilən əlamətdar hadisə kimi bu bayram da gözlədiyində çox ləng, izlədiyində isə yarım göz qırpımında gəldi keçdi. Biçarə futbol azarkeşləri. Di gəl bundan sonra ətrafında sayrışan ulduzların yüksəkliyindən gerçək həyat vadisinə en görüm necə enirsən. İspaniya, Hollandiya, Portuqaliya kimi komandaların oyunundan sonra yerli Azərbaycan komandalarının futboluna baxmaq ən sadiq azarkeş üçün belə işgəncəyə bərabər bir əzab ola bilər. Azərbaycan nədir, dünya və Avropa çempionatlarından sonra eyni ağrını ingilislərin, ispanların, almanların keçirdiyini dəqiq bilirəm.


Mən bilərəkdən aparıcı komandalar arasında Türkiyə millisinin adını çəkmədim, çünki əslində Türkiyə digər Avro-2008 komandalarından da bir qarış artıq yüksəlib bu yarışın əsl futbol ruhunu xilas etdi. Türkiyə olmasaydı, «top yumrudur» ifadəsini və onunla da futbolun bütün ləzzətini elə buradaca, Alp dağlarının ətəyində dəfn eləmək olardı. Türkiyə millisinin oynamadığı bütün başqa maçlar olduqca sadə süjet xətti üzərində qurulmuşdu. Hesabı açan komanda da oyunu udurdu, lap şahmat məsələlərində olduğu kimi: «ağlar başlayır və udur».


Türkiyə mətbuatından başqa bütün dünya Fateh Teremin və Türkiyə millisinin bu əməyinə layiqincə qiymət verdi. Məsələ ondadır ki, bugünkü futbolda mövcud olan bütün taktiki gedişləri çoxları əzbər bilir. Hətta məktəb yaşlı uşaqlar virtual məşqçi oyunlarından 4-3-3 taktikasından 4-4-2-yə keçidin bütün incəlikərinə bələddir. Yeri gəlsə bəlkə Van Bastendən, Araqonesdən, Danadonidən, Löveden də uğurlu gedişlər edərlər. Məhz bu sarıdan Avro-2008 yarışının heç bir məşqçisi nə futbol elminə, nə də tarixinə bir yenilik gətirdi. Məsələn, Avstriya və Almaniya məşqçiləri daha çox bir-birilə etdikləri dava, Protuqaliya məşqçisi Chealse ilə bağladığı kontrakt, İspaniya məşqçisi isə qızıl qolun müəllifi Torresə olan antipatiyası timsalında yadda qalacaq və əminəm ki, tezliklə də yaddaşdan silinəcəklər. Hər halda Fateh Teremin yaddaş aqibəti daha uzunömürlü olacaq. Görəsən o öz oyunçularını necə motivləşdirirdi, məşqlərdə, fasilələrdə onlara hansı sözləri deyirdi – bu sualların cavabı nəinki futbol, ümumiyyətlə menecment aləmini hələ çox maraqlandıracaq. Görəsən kiminsə ağlına gəlibmi Türkiyə millisinin məşqçisinin adı Fateh sözünü Avropa dillərinə tərcümə eləsin?


Əminəm ki, bu çempionatdan sonra biz bir daha dünyanın ən yaxşı oyunçusundan «Türkiyə kimdir?» sualını eşitməyəcəyik.


XS
SM
MD
LG