İyunun 30-da Ukrayna prezidenti Viktor Yuşşenko Bakıya işgüzar səfərə gəlib. Ukrayna ilə Azərbaycan müstəqillik əldə etdiyi dövrdən strateji tərəfdaşa çevrilmələrinə baxmayaraq Yuşşenkonun Bakıya budəfəki gəlişi birmənalı şərh edilmir. «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri öncəsi V.Yuşşenkonun Bakıya gəlməsi təsadüfi deyil:
«Moskvanın siyasəti təkcə siyasi mənada deyil, həm də iqtisadi mənada Azərbaycanın Rusiyanın tərəfdaşı olmasına yönəlib. Ona görə də Ukrayna prezidenti yəqin ki, Bakıya çox konkret mesajlarla gəlir. Yuşşenko bu situasiyada bir növ Qərbi təmsil edir».
Ekspertlər hesab edirlər ki, Azərbaycan Rusiyaya meyllənərsə, bu, Ukraynanın və Qərbin maraqları üçün real təhlükə olmaqla yanaşı GUAM-ın da mənafeyinə ziddir. Hesab edilir ki, hər halda belə bir təhlükə həmişə mövcuddur. Belə ki, Ermənistanın Rusiyadan, Gürcüstanın isə Qərbdən istədiyi vaxt üz döndərməsi inandırıcı görünmür. Azərbaycan isə bu imkanını hələ də saxlayır. Bu, Qərbdə narahatçılıq doğurur və xüsusilə Rusiyanın «Qazprom» şirkətinin Azərbaycan qazının hamısını almaq niyyətini bəyan etməsindən sonra nigarançılıq bir az da artıb.
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, hazırda bəzi Rusiya və Qərb media orqanları Yuşşenko-Əliyev görüşünün mahiyyətində məhz enerji məsələlərinin durduğuna işarə vursalar da, bu, inandırıcı görünmür. Adətən belə görüşlərdən bir neçə gün öncə məsələ üzərində ekspertlər işləyir, imzalanacaq sənədlər barədə fikirlər yürüdülür. İndiyə qədərsə belə bir şey yoxdur. Digər tərəfdən, dövlətlər arasında bir çox layihələr imzalana bilər. Ancaq rəsmən onların heç də hamısı gerçəkləşmir. İstər Rusiyanın, istərsə də Qərbin maraqları baxımından yalnız siyasi bəyanatlar səslənə bilər. Bu, iki prezidentin Bakı görüşündə də istisna deyil:
«Qərbin maraqları baxımından ancaq siyasi bəyanat ola bilər. Reallıqda sırf iqtisadi baxımdan çətin ki, hansısa bir layihə gündəmə gəlsin».
Bu günlərdə Gürcüstanın Batumi şəhərində GUAM-ın növbəti toplantısı keçiriləcək. Söhbətləşdiyim ekspertlərin əksəriyyəti hesab edir ki, Ukrayna prezidentinin Bakıya gəlib ölkəsinə müttəfiq dövlət olan Azərbaycan rəhbəri ilə buradan həmin toplantıya getməsində qeyri-adi bir şey yoxdur. Amma əlbəttə ki, onlar Bakı görüşündə ikitərəfli maraq kəsb edən məsələlərdən mütləq danışacaqlar.
Politoloq Rasim Musabəyov deyir ki, Ukraynanın enerji sahəsində müəyyən çətinliklərini aradan qaldırmaqda Azərbaycanın köməyinə ehtiyacı var. Azərbaycanın isə indi açıq danışılmasa da, Ukraynanın beynəlxalq aləmdə siyasi dəstəyinə ehtiyacı var. Amma bununla yanaşı Bakının Kiyevdən silah-sursat alması məsələsinin də diqqət mərkəzində olacağı istisna deyil:
«Azərbaycan ordusu sovet silahları ilə təchiz olunub. Həmin silahların ehtiyat hissələrinə, onların modernləşdirilməsinə ehtiyac var. Hazırda biz silahı Rusiyadan yox, Ukraynadan alırıq. Bu sahədə də Azərbaycanın maraqlarını təmin etmək üçün tərəflər arasında fikir mübadiləsi aparılacaq».