/ Ülviyyə Əsədzadə, STRASBURQ / Real Audio WinMedia Bilmirəm, fransızlar «Bəri bax»ın sözlərini başa düşmüşdülər, ya yox, amma gecənin bir aləmində strasburqlular bu musiqinin həvəsilə pəncərəyə çıxmışdılar. Strasburqda olanlar bu yeri - vağzalla üzbəüz türklərin kafesini yaxşı tanıyırlar. Azərbaycanlılar adətən bura yığışırlar. İyunun 26-da azərbaycanlılar Avropanın mərkəzində, küçənin ortasında Milli Ordu Gününü qeyd edirdilər. Konsert fransızların xoşuna gəlmişdi.
Strasburqda yaşayan azərbaycanlılardan bir azdan danışarıq. Hələlik şəhərin özü haqda. Strasburq Fransa ilə Almaniyanın sərhədindədir. Bu şəhəri Avropada «barışıq rəmzi» də adlandırırlar. Keçən əsrdə alman–fransız müharibələri vaxtı şəhər xeyli ziyan çəkib. Tarix boyu Strasburq gah almanların tapdağı altında olub, gah da fransızların. Strasburq Alsaz ərazisidir. Alsazlıların ləhcəsi bir az almanlara oxşayır. Şəkililər kimi hara getsələr, onları tanıyırlar.
Müharibədən sonra Avropa institutlarını bilərəkdən bura yerləşdiriblər ki, fransızlarla almanların münasibətlərini yaxşılaşdırsınlar. İndi Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Birliyinin Ombudsmanı Strasburqdadır. Müharibədən sonrakı bu siyasət deyəsən, təsirini göstərib. Rəngsiz-boyasız, ucaboylu, incəbelli fransız qızı almanlardan məhəbbətlə danışır:
- Biz avropalıyıq, qonşuyuq. Nənəm almanları xoşlamazdı, onun əri yəhudi idi deyə, onu nasist düşərgəsində altı ay saxlamışdılar. Amma təzə nəsil bunların hamısını unutdu. Düşmənçiliyi, müharibəni unutmaq mümkündür, siz də unuda bilərsiniz.
Strasburqda Almaniya ilə Fransa bir-birinə elə qarışıb ki, şəhərin mərkəzində yol nişanları alman şəhərlərinə gedən istiqamətləri də göstərir. Puluna qənaət etmək istəyən fransız yarımca saata Almaniyaya gedib, bazarlığını edə bilər. Almaniya nisbətən ucuzluqdur.
Almaniyadan Fransaya doğru gedəndə isə elə təəssürat yaranır ki, sanki Gəncədən Yevlaxa keçirsən, yolun qırağındakı bircə tablo göstərir ki, sən başqa ölkəyə keçdin. Almanlar da fransızları özlərinə yaxın qonşu bilirlər. Amma almanlardan bir yeniyetmə deyir ki, fransızları xoşlamır:
- Onlar bizim qonşumuzdur. Amma açığı, bizə məktəbdə seçim verəndə ki, alman dilini seçirsən, yoxsa, fransız dilini, biz adətən ingilis dilini seçirik.
Strasburqda yaşayan azərbaycanlıların sayı heç iki minə də çatmır. Burada azərbaycanlıların ayrıca bir evi var.
Strasburqdakı Azərbaycan Evində bizi bu cəmiyyətin qurucusu Mustafa Alınca qarşıladı. Bu evi 2006-cı ildə Strasburqdakı bir neçə Azərbaycan cəmiyyəti yaradıb. Ev şəhərin mərkəzindədir, dörd otaqlı bir mənzildir. Qonaq otağında divarda Səməd Vurğunun şəkli toxunmuş xalça, küncdəki şüşəli şkafda saz, tar, kamança, qaval, hətta nağara var.
Azərbaycan bayrağı toxunmuş xalçanı qapının üstündən asıblar. Bu xalçanı Azərbaycan evi üçün bir yapon qızı toxuyub.
Mustafa Alınca deyir ki, Azərbaycan evinin yaşaması üçün əsas məsələ maliyyədir. Axır günlər hətta bu evin bağlanmaq təhlükəsi də yaranıb.
Strasburqda yaşayan azərbaycanlılar əsasən tələbələrdir. Avropa Şurasının sessiyası vaxtı azərbaycanlı tələbələr Bakıdan gələn qonaqlarla görüşmək üçün bura tez–tez gəlirlər. Fuad Qulubəyli Strasburqda jurnalistika üzrə magistr təhsili alıb. O, deyir ki, Fransa azad ölkədir, bu şəhər isə zəhmətkeşlərə şans yaradır, bir şərtlə ki, fransız dilini biləsən.
Fransayla Almaniyanın sərhədində yaşayanların heç biri Azərbaycanı tanımır. Ümumiyyətlə, sadə fransızlar tarixdən, coğrafiyadan o qədər də güclü deyillər. Özləri də etiraf edirlər ki, xəritəni yaxşı bilmirlər. Amma türklərin kafesinin qarşısından keçən bircə fransız belə Azərbaycanın xalq mahnısına biganə qala bilmədi...
Avropa Şurasının binasının qarşısında
Bu, AŞ-ın binasına girişdəki saatdır
Assambleyanın ümumi iclas zalı
AŞ-da Azərbaycan nümayəndə heyətinin iş otağı
Bu bayrağı Avropa Şurasına Azərbaycan bağışlayıb
AŞPA-nın radiomontaj otağı
AŞ-ın restoranı
Avropa Şurasına üzv dövlətlərin sərgisi
AŞ-da iclasdan sonra deputatlar üçün konsert də verirlər
AŞ-ın binasında bijuteriya da satırlar
AŞPA-nın mətbuat otağı
Strasburqda Azərbaycan Evi
Bu bayrağı bir azərbaycanlı oğlana vurulan yapon qızı toxuyub