«Azərbaycan NATO və Avropa Birliyi ilə əməkdaşlığında Çexiyadan fəal dəstək gözləyir».
Bunu «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib.
Çexiya Xarici İşlər naziri Karel Şvartsenberq iyulun 3-də Bakıya gəlir. Səfər ərəfəsində onun müavini Tomas Polar deyib ki, Çexiya Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasında vasitəçi ola bilər.
İyulun 4-də Şvartsenberq Bakıda Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirliklərində danışıqlar aparacaq. Müzakirələrin əsas mövzusu Azərbaycan-Avropa Birliyi, Azərbaycan-NATO əlaqələri, bir sıra iqtisadi layihələr olacaq.
Xəzər İbrahim deyir ki, hazırda iki ölkə arasında əlaqələr çoxşaxəlidir və tərəflərin bir çox məsələlərə yanaşmaları üst-üstə düşür. Onun sözlərinə görə, danışıqlarda enerji məsələləri də diqqətdə saxlanılacaq. Belə ki, Azərbaycan Avropanın enerji təlükəsizliyinin təminində vacib rol oynayır.
Bu, indiyədək Çexiyadan Azərbaycana ən yüksək səfərdir.