İyulun 4-də «Dalğa» Gənclər Hərəkatının ATƏT-in Bakı ofisi qarşısında aksiyasına imkan verilməyib.
Təşkilat fəalları ölkədə baş verənlərə beynəlxalq təşkilatların diqqətini yönəltmək məqsədi ilə aksiya keçirmək istəyiblər.
Eyni zamanda məqsəd Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində mövcud olan maneələri bir daha gündəmə gətirmək olub. «Dalğa»çılar bu dəfə də kiçik səhnəcik göstərməklə, sürünərək etirazlarını bildirəcəkdilər.
Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri və daha iki jurnalisti də həmin bölməyə aparıblar. Jurnalistlər vəsiqələrini təqdim etsələr də, polislər buna əhəmiyyət verməyiblər. «Nə olsun jurnalistsiniz? Bizim əsəblərimizlə oynayırsınız. Tapşırıq belədir, biz sizi bölməyə aparmalıyıq» -, deyiblər.
Az sonra jurnalistlər sərbəst buraxılıb. Aksiya iştirakçılarından üçünü - Ramin Hacılı, Rövşən Nəcəfov və Pənah Əliyevi Səbail Rayon Məhkəməsinə aparıblar. Məhkəməyə aparılmağa səbəb kimi onların Britaniya səfirliyi qarşısında qanunsuz piket keçirməyə cəhd etmələri göstərilib. Məhkəmə saxlananlara xəbərdarlıq edərək onları sərbəst buraxıb. «Dalğa»çılar isə bildirirlər ki, onları qanunsuz saxladığına görə yaxın günlərdə 39-cu Polis Bölməsini məhkəməyə verəcəklər.