Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:27

Süleyman Sani Axundov. Yuxu


Yuxumda özümü bir qaranlıq yerdə gördüm.

Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim.

Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum.

Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü.

Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim.

Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.

- Gedim, onlardan harada olduğumu soruşum, - deyə yola düşdüm. Gəlib
çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar
dərin yuxuya getmişlər.

- Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?.. Bu fikirdə ikən
gözümə bir gün bəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin
mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə
baxdıqda bu yazını seçdim. "Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin
yolu buradır".

Yazının altında belə bir üçbucaq çəkilmişdi: lΔεm. Onun hər guşəsindən qızıl
qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst
qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla
bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf
çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir
qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı.
Bunların hansı məni işıqlığa çıxarar - fikrində ikən yol başında, dirək üzərində
barmaq şəkli "İ" hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir
meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində "R" hərfi
yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə "Ş", sonra "A" və axırda
"D" hərfləri göstərişi ilə qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə
yazılmış hərflər mürəkkəb olub, "İrşad" ləfzi yazılmışdı. Qapını açdıqda günəş
pəncərədən gözlərimə düşüb məni oyatdı.

Küçədən:

- "İrşad", "İrşad", təzə qəzet, - sədası gəlirdi.
XS
SM
MD
LG