Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:33

Ata Abdullayev: 'Allah ömrümdən kəsib İlham Əliyevə versin'


Son günlərin aksiyalarından çəkilmiş fotoşəkillərdə, videokadrlarda aksiya iştirakçılarının saxlanmasında polislərə yardım edən cavan bir oğlana rast gəlinir. Bütün bu canfəşanlıqlar mətbuatı onun barəsində araşdırmağa aparmağa məcbur etdi. Bəzi media orqanları Ata Abdullayev adlı bu şəxsin «Qarabağ» komandasının keçmiş oyunçu olduğunu, adının bir dələduzluq işində keçdiyini və barəsində cinayət işi qaldırıldığını yazır.

«MƏN AZƏRBAYCANI SEVƏN İNSANAM»

AzadlıqRadiosuna danışmağa razılaşan Ata Abdullayevdən elə birinci bunu soruşduq.

- Siz kimsiz? Özünüz barədə məlumat verərdiz.

- Mən adi vətəndaşam, Azərbaycanı sevən insanam, Azərbaycanın indiki hakimiyyətinə böyük hörməti olan insanam.

- Aksiyalarda tez-tez görünürsüz...

- Kim qadağan edib vətəndaşa küçədə gəzməyə? Müxalifət aksiya keçirir deyə mənim ixtiyarım yoxdur küçədə gəzməyə? Mənim ölkə rəhbərimə söyən məni söymüş kimidir, başa düşürsüz necədir? Onu özümə ata hesab edirəm. Xeyir ola, söyməlidir? Mən heç kimə əl qaldırmamışam, vurmamışam, sadəcə olaraq, söyüş söyüb deyə çəkmişəm kənara. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Necə olur ki, yolda biri dava eləyəndə, görürsən ki, biri o birisini öldürür, heç kəsi köməyə çağırmayacaqsan?

- Aksiyalarda yalnız polisin ixtiyarı var ki, müdaxilə eləsin. Bəs sizin nə ixtiyarınız var... (Sözümü kəsir)

- Polisin ixtiyarı var vətəndaşı... (Fikrini tamamlamır-müəl.) onun öz qanunlarına aiddir. Hər bir vətəndaşın öz xalqına kömək etmək ixtiyarı var.

- Ata bəy, fotoşəkillərdən, videokadrlardan görünür ki, siz digər vətəndaşları tutursunuz. Axı sizin nə ixtiyarınız var ki, başqa vətəndaşın hüququnu pozasız?

«VİCDANIM DÖZMÜR»

- Etiraz eləməyə... Orda qəddarlıq olmayıb, zorakılıq olmayıb, birincisi. İkincisi, ölkə rəhbərimi söyənə, polisə əl qaldırana vicdanım dözmür də.

- Bu hüququ sizə kim verib, polisə müqavimət varsa, polis var, məhkəmə var.

- Mən əminamanlıq olan bir ölkədə yaşayıram.

Ata Abdullayev etiraz aksiyası zamanı. Foto: Əhməd Muxtar
- Sizin bu ölkənin qanunlarından xəbəriniz yoxdur?


- Sizin xəbəriniz yoxdur. Sizin Qərbdən gələn qanunlardan xəbəriniz var.

- Ata bəy, sizin haqqınızda belə bir məlumat yayılıb ki, bir dəstə adamla əlbir olub «AZAL»a qarşı dələduzluq eləmisiz və şirkətə 100 min manata yaxın ziyan vurmusuz. Barənizdə 7 ilə qədər şərti cəza verilib.

- Bu haqda gedib AZAL-a sual versəz, daha yaxşı olar. Siz vəkilsiz, hakimsiz, belə sual verirsiz? Aidiyyəti adamlara belə sual verin.

«CIZIĞIMIZDAN KEÇƏNDƏ MƏHKƏMƏ VAR»

- 7 il şərti cəza almısınız?

- O sizə maraqlı deyil, mən şərti almışam, ya almamışam. Bu ölkədə istər şərti məhkumun, istərsə də adi vətəndaşın hüququ eynidir. Bərabər hüquqlarımız var. Amma həddimizdən, cızığımızdan keçəndə məhkəmə var.

- Siz necə, bu həddi keçmisizmi?

- Keçmişəmsə də cəzamı almışam, keçməmişəmsə də, onu qanun keşikçisi bilə bilər. Nə sənin, nə mənim buna ixtiyarım var.

- 7 il cəza müddəti bitibmi?

- Mən nə cəza almışam, nə... bu suala cavabdan imtina edirəm, aidiyyəti adamlara sual verin. Sizin şəxsi işlərimə qarışmağa ixtiyarınız yoxdur.

- Nə işlə məşğulsuz?

- Mən biznesmenəm.

«ALLAH ÖMRÜMDƏN KƏSİB İLHAM ƏLİYEVƏ VERSİN»

- Amma heç də bütün biznesmenlər aksiya keçirilən yerə gəlib aksiya iştirakçılarına qarşı zorakılıq işlətmirlər.

Ata Abdullayev aksiya zamanı. 2 Aprel 2011
- Prezidentimin adına söyəndə dözə bilmirəm.

- Bu ölkənin qanunlarına niyə hörmət etmirsiz?

- Qanunlara hörmətdirsə, getsinlər, qanunla onlara yer verilir, «Bibiheybət»ə, getsinlər, mitinqi orda keçirsinlər. Prezidenti söyən adam konstitusiya hüquqlarına hörmət etməlidir.

- Köməyinizə görə polisdən hər hansı mükafat alırsınızmı?

- Mən həyatı boyu polisə kömək eləməmişəm. Köməyimi də ehtiyac olan dəqiqədə yerinə yetirirəm. Mənim heç nəyə ehtiyacım yoxdur. Allah ömrümdən kəsib İlham Əliyevə versin.

P.S. Müsahibəni bitirəndən sonra Ata Abdullayev bildirdi ki, o da bu müsahibəni telefonuna yazırmış...
XS
SM
MD
LG