Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:53

USUBOĞLU "Banzay" (Hekayə)


Əlinin oğlu Əhməd əsgərlikdən gələnə kimi yetim Nağıya bütün Saral əhli Naqqılı deyirdi.

Məktəb jurnalında da Nağı yox, Naqqılı yazmışdılar.

Birinci sinif jurnalını müəllimlər kənd feldşerinin «Uşaqların uçot kitabından» (Naqqılının adı bu kitabda ola bilməzdi, çünki o Saralda doğulmamışdı), ikinci sinfin jurnalı birincidən, üçüncü sinfin jurnalı ikincidən, dördüncü sinfin jurnalı üçüncüdən, nəhayət beşinki də dörddən köçürmə idi.

Bu köçürmələrin beşində də Nağının adını Naqqılı yazmışdılar. Naqqılı yetim idi. Yox, yox.

Onun atası da vardı, anası da. Amma bu ata-ana hamınınkı kimi olmadığı üçün. Naqqılı özü də hamı kimi deyildi.

Naqqılıya ata ola biləcək kişi «nemes davasından» sağ çıxıb Rusiyada qalmışdı, Sarala qayıtmamışdı.

Ona görə də Naqqılı ayrı bir kişinin belindən gəlib dava qurtarandan yeddi il sonra dünyaya təşrif buyurmuşdu.

Naqqılını əkən kişini – gəzəyən anası Gümrudə bazarda tapmışdı.

Naqqılıdan böyük uşağın Mehracın atasını isə hardan tapdığını qadın özü də bilmirdi.

Mehrac Naqqılıdan iki yaş böyük idi. Görünür Mehracın atası mərifət əhli imiş və Mehrac da mərifətdə atasına çəkib. Hörmətli bir uşaq olmuşdu.

Bəlkə də anası elə buna görə Naqqılını kənddə nənəsinin (öz anasının) yanında qoyub Mehracı özü ilə götürmüşdü.

Biz də Mehrac Naqqılı kimi yassaq uşaq deyildi. Mehrac anası kimi gözəl idi və yetimliyi bilinmirdi.

Amma Naqqılınınkı bilinirdi. Sonralar Mehrac kəndə gələndə bizim o vaxtadək görmədiyimiz bir musiqi aləti gətirmişdi.

O, musiqi alətinin mənə balalayka olduğunu demişdi. Musiqi alətini çalmaq üçün o, çay qırağına enər və mənim bilmədiyim gürcü və bir də rus dilində nəğmələr oxuyardı.

Çox da ucadan oxumazdı və anlamadığım dildə oxunan nəğmə onda mənə xoş gəlmişdi.

Naqqılı nəğməyə qulaq asmırdı, özü üçün çaya daş atmaqla məşğul idi.

Mən onda Mehracdan bu mahnıların nə haqqında olduğunu soruşdum. Qarışqa haqqındadır – demişdi, qara qarışqa haqqında.

Və mən qarışqanın da mahnısının olduğunu onda ilk dəfə eşitmişdim. Mən mahnıların gülə, çiçəyə, adama, quşa, ceyrana və marala aid olduğunu bilirdim.

Amma qarışqanın da mahnısı ola biləcəyini güman eləmirdim. Bəlkə elə ona görə də yad dildə oxunan «Qara Qarışqa» mahnısının təhərini də, sözlərinin mənasını da Mehracın dilindən eşitdiyim kimi yadımda saxlamışam. O sözlər belə idi:

Qarışqalar aparır yolları –
Torpaqda qarışqa yuvası varsa,
Demək diridi torpaq,
Deməli yaşayır hələ

***

Qara
Qarışqalar aparar
Yolları
Torpaqda qarışqa yuvası varsa,
Demək quş yuvası da var.
Quş yuvası varsa,
Demək göylər də var.
Göylər varsa,
Demək, uçmaq da var.
Uçmaq varsa
Deməli, diridi dünya
Deməli, yaşayır hələ.

***

Biz beşinci sinifdə oxuyanda dərs vaxtı birdən sinif otağının qapısı açıldı.

Sinfə məktəb direktorunun ardınca sinif rəhbəri, sonra gözəl geyimli bəmbəyaz sifətli Ağ Qu Quşu kimi bir qadın və üç kişi daxil oldular.

Ağ Qu Quşu kimi qadın (Naqqılının anası imiş) sinfə göz gəzdirib, bəlkə də neçə ildi qoyub getdiyi Naqqılını tanımadı.

Sinif rəhbəri Naqqılını lövhə qabağına çıxarıb anasına göstərdi. İndi də yadımdadır. Anası Naqqılını öpmədi.

Eləcə saçlarını tumarladı və arxasıyca gələn üç kişiyə (yəqin gürcü idilər) gürcücə nəsə dedi.

Şişman, yekəqarın, ağlıqda Naqqılınıq anasından geri qalmayan kişilər gülümsədilər.

Və elə o görüşdən də çıxıb məktəbin qabağında saxladıqları QAZ-21 Volqaya minib getdilər. Onda da Naqqılı hələ eləcə hamı üçün Naqqılı idi.

Maraqlı burası idi ki, Naqqılıyla bir sinifdə oxuyan biz – heç birimiz Ağ Qu Quşu kimi qadının Naqqılının anası ola biləcəyinə inanmamışdıq.

Düzdü, Naqqılının anası da bu kənddə əvvəlki əri ilə yaşamışdı, mala-qoyuna yüyürmüşdü.

Amma onda biz uşaq idik də, ya bəlkə də heç doğulmamışdıq və Naqqılının anasını kəndimizdəki çuğundur becərən, inək sağan, pendir tutan, təzək yapan, buzov hörükləyən qadınlara bənzədə bilmirdik.

Bizim nəzərimizdə qadın məhz belə olmalıydı – mal nobatına getməliydi, ocaq qalamalyıdı, ayağına qaloş geyməliydi, əynində enli don olmalıydı, başında şal olmalıydı.

Naqqılının anası da bəlkə haçansa belə olmuşdu. Amma biz buna inanmırdıq. Çunki…! Və bir də ayrı bir çünki ki, belə nərmənazik, incə, dodağı boyalı, ayaqları dümağ qadının Naqqılının anası ola biləcəyi inanılası deyildi.

Naqqılı yassar idi. Bizim yaşıdımız olsa da, Naqqılı «ayaqlarını qaldırıb yaşının üstünə qoyub» bizdən yaşlı görsənirdi.

Naqqılı böyüməyə imkan tapmayıb, zaqar qalmış kişiyə oxşayırdı. Ona-buna bulaqdan su daşımaq, onun – bunun yerinə mal-nobatına getmək, ev tikənə daş vermək, palçıq tutmaq Naqqılını vaxtından tez böyütmüşdü.

Buna görə də Naqqılının əlləri kobudlaşıb uşaq əlləri olmaqdan çıxıb, yağır bağlamışdı. Bu kobudluq Naqqılının əllərindən qollarına, qıçlarına, yerişinə, duruşuna keçmişdi. Səsi də uşaq səsindən keçib kobud kişi səsi olmuşdu.

Bir də maraqlı burası idi ki, Naqqılının da böyük qardaşı Mehracın da haçan doğulduqlarını və hərəsinin də ayrıca bir atasının hardan və necə tapıldığını Sarallının hamısı bilirdi. Amma hamı bütün bunları bilsə də, nə Naqqılının, nə də Mehracın atasının adlarının nə olduğunu bilmirdi.

Blmədikləri üçün də (bəlkə də) Naqqılıı da, Mehracı da analarının davaya gedib qayıtmamış Sarallı əri - Tavadın adı ilə çağırırdılar, onlara Tavadın yetimləri deyirdilər.

Amma hamı onu da bilirdi ki, Tavadın bu uşaqdan xəbəri yoxdu və o, əsgər gedəndən, dava qurtarandan çox-çox illər sonra dünyaya gəliblər.

Sonralar məktəb jurnalında da «düzəliş» eləmişdilər. Naqqılıya Tavadın familiyasını yazıb ata adını da Tavad eləmişdilər.

Zaman keçdikcə Naqqılı elə Tavadın oğlu olduğuna inanmışdı da. Amma Mehracın kim oğlu yazıldığını heç kim bilmirdi. Çünki Mehrac bircə yaylarda kəndə gəlirdi. Qalmış vaxtı anası ilə hansısa şəhərdə yaşayırdı və o, şəhərdə Qara Qarışqaların mahnısı vardı.

***

Əhmədin oğlu Əli əsgərlikdən gələndə Sarala xeyli qəribə sözlər gətirmişdi.

Bu sözlərdən birisi də «Xeyxo Banzay» idi. Əhmədin oğlu Əli hardasa Uzaq Şərqdə əsgərlik eləmişdi.

Uzaq Şərqdə yaponlarla sərhəddə Kuril adalarında Şıxotan dedikləri (əslində türkcə adlı) İşıqötəndə Kunaşır dedikləri – Günaşırda olmuşdu və yapon sözləri öyrənmişdi.

Əhmədin oğlu Əli kənddə də əsgərlikdəki kimi yaşamağa başlamışdı. Səhər tezdən saat 6:00-da yuxudan durur, əsgər şalvarını və zolaq-zolaq maykasını geyib bir kənd yuxarı, bir də kənd aşağı qaçırdı.

Bir kəndin yuxarısındakı Ağ Söyüdün dibində ayağını qaldırıb göyə təpik atıb Xeyxo Banzay qışqırıdı.

Bir də kəndin aşağısındakı arxın üstündəki göylükdə yenə ayağını qaldırıb göyə təpik atıb Xeyxo Banzay qışqırırdı.

Axşamlar da bu işi təkrar edirdi. Əvvəlcə kəndin uşaqları uzaqdan Əhmədin oğlu Əlini seyr edirdilər.

Sonra yavaş-yavaş yaxına da gəldilər. Bəziləri hətta ona qoşuldular da. Daha sonra isə bezib ayrıldılar.

Bircə Naqqılıdan başqa. Naqqılı Əhmədin oğlu Əlidən idman hərəkətlərinin hamısını öyrəndi, eləcə də yerinə yetirdi, Xeyxo Banzay kəlməsi də dilinin əzbəri oldu.

Əhmədin oğlu Əli o payızın sonunda kənddən getdi. Getdi ki, şəhərli olsun. Əhmədin oğlu Əlidən bu kəndə yadigar «Xeyxo Banzay» sözü qaldı.

Naqqılı Əhmədin oğlu Əli kənddən gedəndən sonra yenə bir müddət kənd aşağı – kənd yuxarı qaçıb Xeyxo Banzay qışqırdı.

Sonralar Xeyxonu buraxıb, eləcə Banzay qışqırdı.

Və Naqqılı Banzay qışqıra-qışqıra haçan adının Naqqılılıqdan çıxıb Banzay olduğunu özü də bilmədi.

Bir də gördülər ki, daha Naqqılı səhər-axşam bağıra-bağıra kənd aşağı-kənd yuxarı qaçmır.

Bir də gördülər ki, uşaqlar Naqqılıya Banzay deyirlər.

Bir də gördülər ki, məktəbdə də Naqqılını Banzay çağırırlar.
XS
SM
MD
LG