Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:47

Sayğaclar qurulur, sökülür, yenidən qurulur


Gəncədə sayğacdəyişmə əməliyyatı davam edir
Gəncədə sayğacdəyişmə əməliyyatı davam edir
Gəncədə 10 gündür ki, yaşayış evlərindəki mexaniki sayğaclar yeniləri ilə əvəzlənir. «Azəriqaz»dan isə deyirlər ki, yaxın aylarda Azərbaycan əvvəl Fransadan aldığı SMART tipli kartla işləyən qaz sayğaclarını özü istehsal edəcək və bütün rayonlarda, o cümlədən Gəncədə quraşdıracaq.

Gəncə şəhər sakini Sərraf Məmmədov deyir ki, bir neçə gün əvvəl onun evində mexaniki sayğacı istismar müddəti başa çatmasını səbəb göstərərək yeniləyiblər:

ƏVVƏL EVDƏ, SONRA ÇÖLDƏ, DAHA SONRA YENƏ EVDƏ

«Gözləyirdik ki, kartla işləyən sayğac quracaqlar, amma yenə mexaniki quraşdırdılar. Dedilər, işləmə müddəti bitib. Kartla işləyən qoyacaqlarsa, bunu təzədən niyə qoydular?»

Digər abonent Nahidə deyir ki, onların evindəki sayğac mexaniki deyil, SMART tiplidir. İndiyədək onların evinə qaz idarəsindən bir neçə dəfə texniki işçilər gəlib. Əvvəl mexaniki sayğacı evin içində quraşdırıblar, bir neçə aydan sonra sayğaca müdaxilə edilməsini əsas gətirib onu çölə çıxarıblar. Sonra da gəlib deyiblər ki, bu, yaxşı sayğac deyil, kartla işləyən sayğac quraşdırılacaq. Bu dəfə isə sayğacın təhlükəsizliyi üçün onu evin içinə qoyublar:

«Haradasa 1 il çəkmədi, gətirib təzə sayğac qoydular. Əvvəl çöldəydi, sonra gətirib evin içindən asdılar. Özümüz kartı salırıq, qurtaranda da bilirik».

SOCAR SAYĞACLARI GƏLİR

Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov da deyir ki, Gəncədə sakinlərin bəziləri mexaniki, bəziləri isə SMART tipli sayğacdan istifadə edir. O, təsdiqləyir ki, bir neçə gündür mexaniki sayğacların hər biri yenisi ilə əvəzlənir. Bir neçə aydan sonra isə bu yenilənən mexaniki sayğaclar da, əvvəl Fransadan alınmış, 60 faiz abonentin ixtiyarına verilmiş kartla işləyən sayğaclar da Azərbaycanın istehsal edəcəyi SOCAR adlı sayğaclarla əvəzlənəcək:

İlham Şaban: «Bu, israfçılıqdır»
«Mexaniki sayğaclar 20 faiz quraşdırıldı, sonra dayandırıldı, müdaxilə halları artmışdı, həm də daha müasir olması nəzərdə tutuldu və sonra SMART kart tipli sayğaclar quraşdırılmağa başladı. Abonentlərin təxminən 60 faizi yeni növ sayğacla təmin olundu. 2007-ci ildən başlanıldı. 2010-cu ilədək davam etdi. Həmin ildə başa çatmalıydı, amma Fransadan gətirilməsində problemlər yaranıb və quraşdırılma 1 ildir ki, dayanıb. Hazırda 5 ildən artıq istismarda olan sayğaclar istismara yararlı olub-olmamasından asılı olaraq dəyişdirilir».

Ş. Nəsibov deyir ki, Gəncədə olan 68 min 400 abonentdən 40 min 700-ü SMART kart tipli, 21 min 500-ü isə mexaniki sayğacla təmin olunub.

«BU, İSRAFÇILIQDIR»


Gəncədə quraşdırılmış mexaniki sayğacların hər birinə Dövlət Neft Fondundan 91 manat 88 qəpik, bir SMART tipli sayğacın Fransadan alınmasına isə 218 manat vəsait ödənilib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, SMART kart tipli sayğaclarla əvəzlənəcək köhnə mexaniki sayğacların yenilənməsinə ehtiyac yoxdur, bu, israfçılıqdır:

«Bu, «Azəriqaz»ın əməkdaşlıq etdiyi şirkətin anbarında qalan malı boşaltmaq, yəni onun gəlirini artırmaq üçün vəzifəsindən sui-istifadə etmək deməkdir. Bu, məmur özbaşınalığıdır».

Gəncədə isə sayğacdəyişmə əməliyyatı davam edir, 2 ay ərzində bütün mexaniki sayğaclar yenilənəcək. Ş. Nəsibov hətta sayğaclaşmayan 4 min abonentin də mexaniki sayğacla təmin edilməsi tapşırığı aldıqlarını deyir.
XS
SM
MD
LG