Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00

«Facebook»da yeni azərbaycanlı simalar


«Anarla 5 il yan-yana, zarafatla dediyimiz kimi bir partada oturduq. Amma mən onu 90-cı illərin əvvəlindən tanıyırdım. Bu gün dəfnə, başsağlığına gələnlərə baxarkən hamımız gördük ki, o əsl xalq adamı, millət vəkili idi».

Deputat Gülər Əhmədova «Facebook»da belə yazır.

Bu gün – aprelin 25-də sosial şəbəkələrin hamısında danışılan, dartışılan başlıca mövzulardan biri Anar Məmmədxanovun ölümüdür. Bu əsnada «Parni iz Baku» Şən və Hazırcavablar Klubunun kapitanı, keçmiş deputat Anar Məmmədxanovla bağlı ən müxtəlif fikirlər söylənir. Onun Azərbaycan qarşısındakı xidməti, başçılıq etdiyi komandanın uğurları da yada salınır. Bloqqerlərin həbsi zamanı yazdıqları da. Onu tərifləyən də var, qınayan da… Fikirlər müxtəlifdir. Bu qədər fərqli fikirlərsə yalnız bir meydanda dilə gətirilə bilir – sosial şəbəkələrdə. Ən əsası da «Facebook»da.

GÖYDƏ AXTARIB VİRTUAL ALƏMDƏ TAPDIĞIN MƏKAN

Sosial şəbəkələrə Azərbaycanda meyl güclüdür. Səbəb? Sadədir. Bloqqer Əli Novruzov:

«Birincisi, artıq ənənəvi media gücünü itirməkdədir. O mənada ki, Azərbaycan televiziyaları baxılmaz hala gəlib. Ordan nəinki xəbər ala bilmirlər, əylənə də bilmirlər. İkincisi, ünsiyyət yeni mərhələyə qədəm qoyur. Həftədə bir dəfə görüşmək bəs eləmir. Həyat sürətlənir deyə insanlar da sürətli ünsiyyət vasitəsi axtarırlar. Üçüncüsü, söz, ifadə azadlığı məsələsidir. Sosial şəbəkələrdə istədiyini demək olur, insanlar özlərini ifadə edir. Bu da insanları cəlb edir».

Beləliklə, biri informasiya ehtiyacını ödəmək, başqa biri fikirlərini bölüşmək üçün meydanı göydə axtardığı halda onu virtual məkanda tapır.

SİYASƏTÇİLƏR ŞƏBƏKƏLƏRDƏ


Son zamanlar Azərbaycanın məşhur sənət adamları ilə yanaşı siyasətçiləri də sosial şəbəkələrə köç edirlər. Düzdür, bəzən məşhurların adından yalançı səhifələr də yaradılır. Məsələn, birinci ledi Mehriban Əliyevanın adından «Twitter»də belə səhifə açılmışdı. Və ya xalq artisti Fuad Poladovun «Facebookda səhifəsi açılmışdı.
Azərbaycan hökuməti sosial şəbəkələrə özünəxas şəkildə gəlir. Prezident İlham Əliyevin, Prezident Administrasiyasının, administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun «Twitter»də artıq öz hesabı var. Amma Səməd Seyidovu çıxmaqla yerdə qalanlar bu sosial şəbəkədən gərəyincə yararlana bilmirlər.

Müqayisə edək. Azərbaycan prezidentinin səhifəsində hökumət tədbirlərində, ayrı-ayrı görüşlərdə dedikləri tezislər yer alır. Amma məsələn, Rusiya və ya ABŞ prezidentləri şəbəkədə rəsmi tondan uzaq durmağa, fərqli və ünsiyyətcil olmağa çalışır, bəzən öz çəkdikləri fotoları yerləşdirirlər. Dmitriy Medvedevin sonuncu «əl işinə» 42 min adam baxıb.

Gələk müxalifətçilərə. Elə onlar da «Twitter»də yetərincə fəal deyillər. «Facebook»da aktivliyi ilə seçilən, 4982 dostu olan Müsavat Partiyası başqanı İsa Qəmbər «Twitter»də demək olar ki, gözə dəymir. Amma bunun əvəzində «Facebook»da dostlar qazanır, müzakirələrə qoşulur, çıxışlarının, müsahibələrinin videogörüntüsünü və ya mətnini yerləşdirir.

AXCP sədri Əli Kərimlisə «Twitter»də passiv olduğu kimi «Facebook»da da zəifdir. Bu sosial şəbəkədə onun «fan» səhifəsi açılıb, 5514 «fan»ı, yəni fanatı var. Qaldı, İlham Əliyevə, onun da «Facebook»da sadəcə «fan» səhifəsi yaradılıb. Onun «fan»lərının sayı isə 21 745-dir.

Elxan Poluxov
ELXAN POLUXOVU «FACEBOOK»A NƏ GƏTİRİB?


«Facebook»da deputatlar Gülər Əhmədova, Fuad Muradov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun da hesabları var. Xarici İşlər Naizrliyinin sözçüsü Elxan Poluxov da «Facebook»dadır. O şəbəkəyə gəlişini belə izah edir:

«Facebook» yalnız rəsmilər üçün deyil. Mən də fərd kimi qoşulmuşam. Gedən prosesləri izləyirəm. İstəyirəm özüm də orda imkan olanda iştirak edim. Yazışmalar da olur, işlə bağlı, özümlə bağlı. Ancaq «Facebook»u bir səhifə kimi aparmıram, daha çox «email»in əvəzləyicisi kimi baxıram. Həm dostlar tapmaq olur, həm işlə bağlı kontaktlar tapmaq olur».

Elxan Poluxov şəbəkədə fəal olmamasını işinin çoxluğu ilə izah edir. O başqa həmkarlarının şəbəkədən qıraqda qalmasını izah edə bilmir. Bunu «fərdi qaydada qəbul olunan qərar» kimi təqdim edir.

«50 CENT» ORDUSU

Sosial şəbəkələr həm də istifadəçiləri səfərbər edir. İki gənclər qurumu «Facebook» sosial şəbəkəsində aprelin 30-nu terror qurbanlarını anım aksiyası elan edib.
Ötən aysa yenə «Facebook»da martın 11-i «Böyük Xalq Günü» elan olunmuşdu. Elə bundan sonra da Azərbaycan hökuməti sosial şəbəkələri hədəfə götürüb, onların əleyhinə kampaniyaya start verdi. Hətta iş o yerə çatdı ki, respublikanın baş psixiatrı Gəray Gəraybəyli də işə qarışdı.

«İnsanların sosial şəbəkələrdə ünsiyyətə daha çox meyl etməsi onlarda psixi problemlərin yaranmasına səbəb olur. Sosial şəbəkələrdə ünsiyyətə üstünlük verən şəxslər canlı ünsiyyətdən uzaq durmağa çalışırlar» dedi.

Bloqqer Əli Novruzovun buna cavabı:

«Əgər belədirsə, onda bütün dünya xəstədir, psixi xəstədir. Bir çox məşhurlar, siyasətçilər sosial şəbəkələrdən istifadə edir. Bu bir az da sovet təbliğatını xatırladır. Yəni hər şeyi qaralamaq».

Mütəxəssislərə görə, sosial şəbəkələr hökumətləri narahat edir.

Yevgeni Morozov
Ekspert Yevgeni Morozov isə «The Sunday Times»a deyir ki, internet təkcə azadlıq gücü deyil. Onun köməyi ilə avtoritar rejimlər fərqli fikirli insanları izləyir, ictimai şüurla manipulyasiya edir.

Ekspert deyir ki, Çində «əlli sent» ordusu var. Bu orduya 280 min bloqqerin daxil olduğu deyilir. «Ordunun işi» müzakirələri hakimiyyətə sərf edən səmtə yönəltməkdir. Morozov iddia edir ki, belə kiberbriqadalar Nigeriya, Azərbaycan, Kuba kimi ölkələrdə də var.

Elə bəzi yerli müşahidəçilər də deyirlər ki, konkret olaraq «Twitter» sosial şəbəkəsində xüsusi qruplar Azərbaycanlı bağlı daha çox iqtidarın siyasətini təbliğ edən çoxsaylı xəbərlər yerləşdirirlər. Bununla da müxalifətin aksiyaları, söz və ifadə azadlığının pozulmasına dair paylaşılan xəbərlər itib-batır.

Ən son məlumatlara görə. Azərbaycanda 300 mindən çox «Facebook» istifadəçisi var.
XS
SM
MD
LG