"Bilirik ki, insanları ən çox narahat edən açıq havada maska taxılmasıdır. İnsanlar fiziki məsafəni saxladıqları halda açıq havada maskaların ləğv olunması elan oluna bilər".
Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Azərbaycan Dövlət Televiziyasina açıqlamasında deyib.
O bildirib ki, yaxın vaxtlarda maskalarla bağlı bəlli qərarlar elan olunacaq.
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ilin martından karantin rejimidir. Ölkədə nəinki qapalı məkanlarda, hətta açıq havada da maska taxmamağa görə cərimə nəzərdə tutulur.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 331 min 40 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 814-nün vəfat etdiyi bildirilir.