ABŞ-ın Kiyevdəki müvəqqəti işlər müvəkkili Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçıları kəskin tənqid edib. Bundan əvvəl separatçıalr beynəlxalq tibbi heyət üzərinə ölümcül hücum etmişdilər.
Diplomat habelə Moskvanı və “onun dəstəklədiyi qüvvələri” hücumlara “dərhal” son qoymağa çağırıb.
William B. Taylor özünün Facebook səhifəsində yazıb:
“Rusiyanın başçılıq etdiyi qüvvələrin tibbi heyət üzərinə hücumu insan həyatına, beynəlxalq standartlara və Minsk razılaşmalarına tam saymazlığı nümayiş etdirir. Biz Rusiyanı və onun dəstəklədiyi qüvvələri döyüşlərə dərhal son qoymağa, mülkiləri və humanitar işçiləri mühafizə etməyə və silahlı qüvvələri və silahları geri çəkməyə çağırırıq”.
Taylor ABŞ-ın Ukraynadakı keçmiş səfiridir və o ötən il müvəqqəti işlər müvəkkili kimi Kiyevə xidmətə qayıdıb.
Ukraynanın Müdafiə Nazirliyi iyulun 1-də xəbər verib ki, rusiyayönlü separatçıların Donetsk rayonunda tibb ambulansını atəşə tutuması nəticəsində bir Ukrayna əsgəri həlak olub.
Nazirlik bildirir ki, tank əleyhinə raket hücumu nəticəsində daha bir hərbçi və tibb işçisi yaralanıb. Həkimin daha sonra xəstəxanada öldüyü xəbər verilir.
Ukrayna Müdafiə Nazirliyi bildirir ki, separatçılar iyulun 2-də atəşkəsi 25 dəfə pozublar.
Nazirlik 3 separatçının öldürüldüyünü bildirib.
Bu arada, iyulun 1-də Britaniyanın Ukraynadakı səfirliyinin Twitter hesabında “işğal olunmuş Donbasda öldürülmüş” 9 Ukrayna əsgərinin fotoları dərc olunub.